Avropada anomal istilər və meşə yanğınları - Yüzlərlə insan ölüb

İyul ayında Avropa ölkələrində anomal istilər başlayıb. Bəzi regionlarda havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb. İspaniya, Portuqaliya, Fransa və digər ölkələrdə meşə yanğınları başlayıb —  minlərlə sakini yanğın təhlükəsi olan ərazilərdən təxliyə edilir. İstilərə görə yüzlərlə insan ölüb, bir çox Avropa Birliyi ölkəsində fövqəladə vəziyyət tətbiq edildi. Ekspertlər baş verənləri iqlim dəyişikliyi ilə əlaqələndirirlər.

İspaniya

İspaniyanın bəzi bölgələrində havanın temperaturu 45 dərəcəyə çatıb. III Karlos Sağlamlıq İnstitutunun məlumatına görə, iyulun 10-dan 15-dək istilər səbəbindən təxminən 360 nəfər ölüb. El Pais qəzeti yazır ki, iyulun 17-də İspaniyada 36 yanğın qeydə alınıb, onlardan 24-ü aktiv şəkildə yayılıb. Ümumilikdə 20 min hektardan çox meşə sahəsi məhv edilib, iki mindən çox insan yanğın təhlükəsi olan ərazilərdən evakuasiya olunub. Bu, İspaniyada anomal istilərin ikinci dalğasıdır - ilk dalğa iyunun ortalarında olub. Həmin vaxt havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb, 800-dən çox insan ölüb.

Portuqaliya

Portuqaliyada havanın temperaturu 47 dərəcəyə çatıb. İyulun 16-da ölkənin Səhiyyə Nazirliyi ötən yeddi gün ərzində istilər səbəbindən 659 nəfərin öldüyünü bildirib. Portuqaliyanın şimal və mərkəzi bölgələrində güclü yanğınlar davam edir. İyulun 17-də “The Guardian” qəzeti aktiv yanğınların sayının 20-dən 11-ə düşdüyünü yazıb. İlin əvvəlindən iyunun ortalarına qədər meşə yanğınları 40 min hektara yaxın əraziyə ziyan vurub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur. İyunun sonunda Milli Meteorologiya İnstitutu kontinental Portuqaliyanın 96%-nin şiddətli quraqlıq yaşadığını bildirib.

Fransa

Fransada 51 departamentdə (ümumi 101 departament var) anomal istilər səbəbindən “narıncı” xəbərdarlıq səviyyəsi elan edilib. Daha 15 departament isə artıq təhlükə səviyyəsini maksimuma qaldırıb – “qırmızı” xəbərdarlıq səviyyəsi. Fransanın BFMTV telekanalının məlumatına görə, Jironde departamentində yanğınsöndürənlər bir neçə gündür ki, ərazisi iyulun 18-nə 14 min hektar olan yanğını söndürürlər. Yanğının söndürülməsinə 1700 nəfər və 9 təyyarə cəlb olunub. 16 mindən çox insan, o cümlədən turistlər təhlükəli ərazilərdən təxliyə edilib.

Böyük Britaniya

İyulun 15-də Böyük Britaniya hakimiyyəti ölkədə istilər səbəbindən ən yüksək təhlükə səviyyəsini tətbiq edib. Meteoroloqlar xəbərdarlıq edir ki, bəzi bölgələrdə temperatur 41 dərəcəyə çata bilər. Səlahiyyətlilər isti havalarda təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirmə işləri aparır, dəmir yolu şirkətləri insanları bu günlərdə səyahət etməməyə çağırır. Onlar bəzi qatarların ləğv ediləcəyini bildiriblər. Ölkənin bəzi yerlərində ərinələrin qarşısını almaq üçün yollara daş qırıntıları səpilib, Hammersmit körpüsünü isə konstruksiyaların qızmaması üçün folqa ilə büküblər. Böyük Britaniyanın bir çox məktəbi istilərə görə bağlanmaq qərarına gəlib və bəzi xəstəxanalar bu günlərdə planlaşdırılan görüşləri və əməliyyatları ləğv edib. Ölkədə bir sıra kütləvi tədbirlər də ləğv olunub.

Avropanın digər ölkələri

Digər Avropa ölkələrində də rekord temperatur və çoxsaylı meşə yanğınları qeydə alınıb. İyulun 17-də Yunanıstan Yanğından Mühafizə Xidmətinin press-relizində bildirilib ki, son 24 saat ərzində ölkədə 51 yanğın başlayıb. Xorvatiyada Sibenik şəhəri yaxınlığında yanğın baş verib, ən çətin vəziyyət Zaton kəndi ərazisində olub, burada 20 ev yanıb, yerli sakinlər təxliyə edilib. Sky News xəbər verir ki, İtaliyada da yanğınlar başlayıb. Yaxın vaxtlarda ölkədə havanın temperaturu 40 dərəcəni keçə bilər. İtaliyanın şimalında - son 70 ilin ən pis quraqlığı qeydə alınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ