Türkiyə Ukrayna gəmilərini yoxlayacaq: Ukrayna taxılının ixracı şərtləri açıqlandı

İyulun 13-də İstanbulda keçirilən danışıqlarda Ukrayna, Rusiya, Türkiyə və BMT nümayəndə heyətləri Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracına dair sazişin əsas parametrləri barədə razılığa gəliblər.

Bu barədə “The Wall Street Journal” (WSJ) Türkiyə və BMT-nin adı açıqlanmayan nümayəndələrinə istinadən məlumat yayıb.

Taxılın Ukrayna gəmiləri ilə üç Ukrayna limanından ixracı planlaşdırılır. Onlar müəyyən dəhlizlərlə gedəcəklər, bunun üçün Ukrayna Qara dənizi qismən təmizləyəcək. Bu dəhlizlərin ərazilərində atəşkəs rejimi tətbiq olunacaq.

Türkiyə nümayəndələri Ukrayna limanlarında gəmilərə baxış keçirəcəklər ki, həmin gəmilər Qərb silahlarının Ukraynaya daşınmasında istifadə olunmasın (Rusiya bundan narahatdır). Bundan əlavə, BMT gəmilərə təhlükə səviyyəsini izləmək üçün İstanbulda mərkəz yaradır.

WSJ mənbələri vurğulayıblar ki, sazişin parametrləri hələ də Rusiya prezidenti Vladimir Putin tərəfindən razılaşdırılmalıdır. Bunun iyulun 19-da onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi Tehrana səfəri zamanı baş verəcəyi gözlənilir.

Danışıqları izləyən İstanbullu dəniz eksperti Yörük İşıq bildirib ki, dəhliz açılana qədər minaları təmizləmək ən azı bir neçə həftə çəkəcək və minaaxtaran gəmilərin gecə-gündüz işləməsi tələb olunacaq. Onun sözlərinə görə, Ukraynanın təhlükəsizlik problemlərinin həlli yolu Odessa liman şəhəri yaxınlığında Türkiyə və ya Rumıniya hərbi gəmisinin yerləşdirilməsi ola bilər.

Ukrayna və Rusiya BMT və Türkiyənin vasitəçiliyi ilə Ukrayna taxılının ixracı ilə bağlı danışıqlara başlayıb. İyulun 13-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyev və Moskva taxıl ixracı ilə bağlı razılığa gəlməkdən “iki addım uzaqdadırlar”.

İyulun 13-də Ukrayna, Rusiya və Türkiyə nümayəndə heyətləri, eləcə də BMT nümayəndələri İstanbulda Ukrayna taxılının ixracını müzakirə ediblər. Nəticədə, Türkiyənin bəyan etdiyi kimi, çıxış və təyinat məntəqələrində birgə nəzarət, nəqliyyat marşrutlarında naviqasiyanın təhlükəsizliyinin təmin edilməsi kimi əsas texniki məsələlərdə razılığa gəlmək mümkün olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ