Türkiyə, Misir və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulmaq istəyirlər

Türkiyə, Misir və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulmaq istəklərini bəyan ediblər. Bu barədə “İzvestiya” BRİKS Beynəlxalq Forumunun prezidenti Purnima Ananda istinadən məlumat yayıb. Onun sözlərinə görə, bu ölkələr artıq koalisiyaya qoşulmaq prosesindədir.

“Bütün bu ölkələr üzv olmaqda maraqlı olduqlarını nümayiş etdiriblər və üzvlük üçün müraciət etməyə hazırlaşırlar. Düşünürəm ki, bu, yaxşı addımdır, çünki genişlənmə həmişə müsbət qarşılanır, bu, BRİKS-in bütün dünyada təsirini açıq şəkildə artıracaq”, - o deyib.

Anandın sözlərinə görə, bu ölkələrin, eləcə də iyunun sonunda ərizə vermiş İran və Argentinanın üzvlüyünün təsdiqlənməsi yaxın gələcəkdə, o cümlədən qrupun 2023-cü ildə Cənubi Afrikada keçiriləcək növbəti sammitində mümkündür. O vurğulayıb ki, “assosiasiyanın əsas hissəsinin bütün nümayəndələri genişlənmədə maraqlıdırlar”.

Beynəlxalq forumun prezidenti qeyd edib ki, hazırda BRİKS-in gücünün real təzahürü var və bununla əlaqədar olaraq, “birliyin yeni dünya düzəni yaratmaq üçün işləmək şansı var”, məsələn, resursların mübadiləsi, ticarət, maliyyə və aviasiya marşrutlarının inkişafı.

İyunun 27-də məlum olub ki, İran və Argentina BRİKS-ə qoşulmaq üçün ərizə verib. İran prezidenti İbrahim Rəisi qeyd edib ki, “İranın geosiyasi və geoiqtisadi mövqeyi onu BRİKS üçün sabit və etibarlı tərəfdaş edə bilər”.

Hazırda BRİKS-ə beş ölkə daxildir: Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika. Qrup 2006-cı ildə dörd ölkə arasında əməkdaşlıq əsasında yaranıb, 2011-ci ildə Cənubi Afrika da ona qoşulub. BRİKS-in məqsədi siyasi, iqtisadi və beynəlxalq səviyyədə hərtərəfli tərəfdaşlıqdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ