İranda qadınlar kütləvi şəkildə hicabları çıxarırlar: Həbslər başlayıb - VİDEO

İran məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhseni Ejei İslam düşmənlərini “əxlaqsızlığı təbliğ etməkdə” ittiham edərək qadınların məcburi hicab taxmasına qarşı çıxanlara qarşı qətiyyətli addım atmağa çağırıb.

“Bu gün İranın və dindarl xalqımızın bəzi düşmənləri cəmiyyətdə əxlaqsızlıq və ədəbsizliyi təbliğ etməyə çalışırlar. Bu məsələnin həlli diqqətli iş tələb edir, ona görə də bütün məsul orqanlar buna diqqəti artırmalı, cəmiyyətdə ədəbsizliyi, əxlaqsızlığı təbliğ edən düşmənləri aşkarlamağa çalışmalıdırlar”. 

Qulamhüseyn Möhseni bu barədə “Fars” xəbər agentliyinə müsahibəsində bildirib.

Qeyd olunur ki, onun bəyanatları ictimai yerlərdə İslami geyim qaydalarının sərtləşdirilməsi çərçivəsində ölkədə məcburi hicaba qarşı qadınların və fəalların davam edən etirazları ilə eyni vaxta düşüb.

Bir neçə gündür ki, İranda #No2Hicab həştəqi sosial şəbəkələrdə trendə düşüb. Küçələrdə gəzən və əxlaq polisinə müqavimət göstərərək hicablarını çıxaran qadınların videoları internetdə yayılıb.

Öz növbəsində iranlı hüquq müdafiəçiləri qadınları “Milli Hicab və İffət Günü”ndə ictimai şəkildə örtüyü çıxarmağa çağırıblar.

Paytaxtın cümə namazı xütbəsində Ayətullah Əhməd Hatəminin çıxışı zamanı da “hicab problemi”nə toxunulub. İranlı fəallar deyirlər ki, son vaxtlar din xadimləri ictimai yerlərdə hicaba riayət etməyi gücləndiriblər.

İranın hökumət mediası etirazçıları “Qərbin agentləri” və “İslam düşmənləri” adlandırıb, “Fars” xəbər agentliyi isə iyulun 11-də “Qərb mənbələrindən” yardım və maliyyə aldığı iddia edilən bir neçə “etirazçının” həbs edildiyini bildirib.

Həmçinin iyulun 11-də bəzi KİV-lər 2019-cu il etirazları zamanı İran təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək öldürülən Poui Bəxtiyarinin anası Nahid Şirpişənin həbsi barədə məlumat yayıb.

Bu etirazlar çərçivəsində tanınmış fəal Mostafa Taczadə və bir neçə rejissor, o cümlədən tanınmış rejissor Cəfər Pənahi də İranda saxlanılıb.

Bu hadisələri şərh edən prezident İbrahim Rəisi gənclərin əksəriyyətinin hicab qanununa mənfi reaksiyasını “İslam cəmiyyətində əxlaqi pozğunluğun mütəşəkkil təbliğatı” adlandırıb

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ