Ukrayna Kerç boğazı üzərindən Rusiya materikini işğal olunmuş Krımla birləşdirən körpüyə hücum etməklə Kremlə sarsıdıcı zərbə vura bilər.
Bunu NATO-nun keçmiş komandanı, general Filip Bridlav deyib.
Bridlav qeyd edib ki, körpü Ukraynaya bu yaxınlarda gətirilən “Harpun” raketlərindən istifadə etməklə vurula bilər.
2013-2016-cı illərdə ABŞ-ın Avropadakı müttəfiqlərinin ali komandanı olmuş general Bridlav körpüyə hücuma Rusiyanın hər tərəfdən Ukraynaya təcavüzü ilə haqq qazandıracağını bildirib.
"Kerç körpüsü qanuni hədəfdir", - o vurğulayıb.
İyunun ortalarında Ukrayna Silahlı Qüvvələrinin general-mayoru Dmitri Marçenko Krım-a müsahibəsində Ukraynanın Qərbdən uzaqmənzilli silahlar almasından sonra körpünün dağıdılması üçün “bir nömrəli hədəf” olacağını bəyan edib.
Rusiya komandanlığı Kerç boğazı üzərindən materik Rusiyanı Krımla birləşdirən körpüdən, o cümlədən ehtiyatların ötürülməsi üçün istifadə edir.