Qaraqalpaqıstanda iğtişaşlar zamanı ölənlərin sayı açıqlanıb

Özbəkistan hakimiyyəti Qaraqalpaqıstanda iğtişaşlar zamanı ölənlərin sayını açıqlayıb.

Bu barədə Respublika Milli Qvardiyasının komandanı, general-mayor Rüstəm Jurayev “Özbəkistan 24” telekanalının efirində danışıb.

Onun sözlərinə görə, ümumilikdə 1-2 iyul tarixlərində Nukusda baş vermiş etirazlar zamanı 18 nəfər ölüb, onlardan 14-ü mülki şəxs, daha dördü isə hüquq-mühafizə orqanlarının əməkdaşı olub.

Qeyd edək ki, Qaraqalpaqıstanda kütləvi etiraz aksiyaları Özbəkistan Konstitusiyasına region sakinlərini respublikadan ayrılmaq üçün referendum keçirmək imkanından məhrum edə biləcək dəyişikliklərə görə başlayıb. Aksiyaların başlamasından sonra ölkə prezidenti Şavkat Mirziyoyev Nukusa gələrək regionun suverenliyi ilə bağlı əsas qanuna dəyişiklik etməməyi təklif edib.

Daha sonra məlum olub ki, iğtişaşlar zamanı azı 243 nəfər xəsarət alıb. Avqustun 2-dək Qaraqalpaqıstan ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ