Suriyada kritik vəziyyət: Rusiya qoşun göndərir, Türkiyə ordu yığır

Suriyanın şimalındakı sərhəd bölgələrindən gələn son xəbərlərə görə, Türkiyə yenidən Silahlı Qüvvələrini PKK terrorçularından “təmizləmək” üçün Tel-Rifat və Mənbic bölgələrində cəmləşdirməyə başlayıb.

Müxalif “Suriya Milli Ordusu”nun minlərlə döyüşçüsü Türkiyə qoşunlarının nəzarətində olan Azez qəsəbəsindən Tel-Rifat istiqamətində cəbhə xəttinə keçirilib.

“Ahaber”in videoreportajında ​​Türkiyənin dəstəklədiyi müxalif silahlı qüvvələrin əsgərləri ilə bir neçə yüz cip və pikapdan ibarət karvan göstərilib.

Telekanal qeyd edir ki, Türkiyə ordusu “hər an Suriyanın şimalında PKK terrorçularına qarşı beşinci hərbi əməliyyata başlaya bilər”. Bildirilir ki, Türkiyə Silahlı Qüvvələri ötən gecə Tel-Rifat istiqamətində əlavə qüvvə və texnika cəmləşdirib.

Xatırladaq ki, hələ may ayında Ankara Suriyanın şimalında PKK qüvvələrinə qarşı yeni hərbi əməliyyat keçirmək niyyətini açıqlamışdı. O vaxtdan hərbi əməliyyatlara hazırlıq davam edir, baxmayaraq ki, son bir neçə həftə ərzində Türkiyə rəsmiləri gözlənilən əməliyyatdan getdikcə daha az danışırlar. Hətta antiterror əməliyyatının qeyri-müəyyən müddətə təxirə salındığı barədə ayrı-ayrı məlumatlar da yayılıb.

ABŞ, Rusiya və İranın Türkiyənin hərbi əməliyyatına qarşı çıxması da heç kimə sirr deyil. Xüsusilə Vaşinqton və Moskva dəfələrlə Ankaranı bu addımdan çəkinməyə çağırıb. Eyni məqsədlə bir neçə gün əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ankarada danışıqlar aparıb. Daha sonra Abdullahiyan Dəməşqə səfər edib və Bəşər Əsəd rejimi ilə Ankara arasında vasitəçilik etməyə çalışıb. Lakin sonrakı hadisələrə baxsaq, İranın vasitəçilik missiyasının uğursuzluğa düçar olduğunu görə bilərik.

Türkiyənin yeni hərbi əməliyyata hazırlığı fonunda Rusiya bölgədə qüvvələrini gücləndirir. Rusiya Müdafiə Nazirliyinin (QRU) Baş Kəşfiyyat İdarəsinə bağlı “Rus Baharı” saytı xəbər verir ki, ötən bazar günü 300-ə yaxın rusiyalı desantçı Qamışlıya (Suriyanın şimal-şərqində Türkiyə ilə həmsərhəd şəhər – red.) göndərilib. Bir gün əvvəl desantçılarla birgə daha iki Rusiya təyyarəsi buraya eniş edib. Cəmi iki həftə ərzində Suriyaya 600-ə yaxın döyüşçü göndərilib.

Həmçinin bildirilir ki, Rusiya Türkiyənin hərbi əməliyyatının qarşısını almaq üçün “Suriya Milli Ordusu”nun yaraqlılarının mövqelərinə və cəmləşdiyi ərazilərə silsilə hava zərbələri endirmək niyyətindədir.

Bu arada Türkiyə xüsusi xidmət orqanları PUA-lardan istifadə edərək PKK-nın yüksək rütbəli liderlərini və komandirlərini məhv etməyə davam edirlər. Belə ki, daha bir əməliyyat zamanı Suriya Demokratik Qüvvələrinin (ABŞ-ın dəstəklədiyi, əsasən PKK yaraqlılarından ibarət koalisiya) səhra komandiri “Mizgin Kobani” ləqəbli Siham Müslim və onun iki mühafizəçisi Rakka yaxınlığında pilotsuz təyyarədən atılan raket ilə zərərsizləşdirilib .

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ