Özbəkistanda nə baş verir? - Küçələr qan içində, yüzlərlə saxlanılan var - VİDEO

İyulun 1-dən etibarən Özbəkistanın Qaraqalpaqıstan muxtar respublikasında kütləvi etiraz aksiyaları başlayıb. Yerli KİV-in məlumatına əsasən, küçələrə minlərlə insan çıxıb. Ən böyük aksiya regionun paytaxtı hesab edilən Nukus şəhərində qeydə alınıb. Burada insanlar şəhərdə yürüş təşkil edərək mərkəzi bazarda toplaşıblar.

Qaraqalpaqıstana Özbəkistan Milli Qvardiyasının əlavə qüvvələri cəlb olunub. Regionda mitinqlər zamanı internet və mobil əlaqə kəsilib. Ölkə hökuməti bildirib ki, yalnız Nukusda mərkəzi bazarda hüquq-mühafizə orqanlarının gücündən istifadə olunub.

Etirazlara səbəb isə  Özbəkistan Konstitusiyasına təklif edilən dəyişikliklər olub. Belə ki, dəyişikliyə əsasən Qaraqalpaqıstan suverenlik statusundan məhrum edilir və onun ölkənin tərkibindən çıxmaq hüququ ləğv olunur. Qanun layihəsi iyunun 26-da ictimai müzakirəyə çıxarılıb. Dəyişiklikləri ölkə prezidenti Şavkat Mirziyoyev təklif edib. Yeni qaydalarda həmçinin ölkə prezidentinin səlahiyyət müddətinin beş ildən yeddi ilədək uzadılması nəzərdə tutulub.

İyulun 1-də axşam saatlarında Özbəkistan DİN bəyan edib ki, Nukusda asayiş bərpa olunub.

Bir gün sonra Qaraqalpaqıstan rəsmiləri bildiriblər ki, regionda cinayətkar qruplaşma “populist şüarlar” arxasında gizlənərək və “vətəndaşların şüurunu manipulyasiya edərək” inzibati binaları ələ keçirmək, “cəmiyyəti parçalamaq” və “Özbəkistanda ictimai-siyasi sabitliyi pozmaq” istəyiblər. 

Qeyd olunub ki, aksiya təşkilatçıları, o cümlədən polisə müqavimət göstərən şəxslər saxlanılıb. Həbs edilənlərin sayı və adları açıqlanmır.

Bundan əlavə Qazaxıstanda işləyən  Qaraqalpaqıstandan olan 75 miqrant da dinc aksiya təşkil ediblər. Onlar iyulun 1-də etirazçılarla həmrəy olmaq üçün şəhər meydanlarından birinə çıxıblar. Saxlanılanların əksəriyyəti polisdə sorğu-sual edildikdən sonra sərbəst buraxılıb. Aksiyada Özbəkistan vətəndaşlarından başqa, digər əcnəbilərin də iştirak etdiyi qeyd edilir.

Qaraqalpaqıstanda mitinqlər fonunda Qazaxıstan-Özbəkistan sərhədində Daut-ata avtomobil buraxılış məntəqəsi fəaliyyəini müvəqqəti dayandırıb.

İyulun 2-də Nukusa Özbəkistan prezidenti Şavkat Mirziyoyev gəlib və təklif edib ki, Konstitusiyaya Qaraqalpaqıstanın suverenliyi ilə bağlı dəyişikliklər edilməsin. 

Mirziyoyev həmçinin Qaraqalpaqıstan ərazisində iyulun 3-dən avqustun 2-nə qədər fövqəladə vəziyyət rejimi elan edib. Regionda həmçinin komendant saatı tətbiq edilib.

Bildirilir ki, Qaraqalpaqıstan şəhərlərində etirazlar iyulun 2-də davam edib. Jurnalistlər qeyd edirlər ki, respublika ilə əlaqə çətinləşib. Sosial şəbəkələrdə yayılan videolarda partlayış və atəş səsləri eşidilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ