Rusiya, yoxsa Ukrayna? - Müharibənin üç mümkün ssenarisi açıqlandı

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer “The Spatator” nəşrinə müsahibəsində Ukraynadakı müharibənin üç mümkün nəticəsindən danışıb.

Onun sözlərinə görə, birinci ssenari Rusiya qoşunlarının öz mövqelərində qalmasını nəzərdə tutur. Siyasətçi bildirib ki, bu halda Rusiya Ukraynanın 20 faizini və Donbassın böyük hissəsini, əsas sənaye və kənd təsərrüfatı rayonlarını və Qara dəniz boyu torpaq zolağını işğal edəcək. Kissincerin fikrincə, bu variant Rusiya tərəfinin qələbəsi deməkdir.

“Bu halda NATO-nun rolu əvvəllər düşünüldüyü kimi həlledici olmayacaq”, - Kissincer qeyd edib.

İkinci ssenari Rusiyanın Krımdan çıxarılması ilə bağlıdır. Siyasətçi hesab edir ki, bu halda birbaşa Rusiya və Qərb arasında müharibə riski yaranacaq.

Üçüncü ssenari nəzərdə tutur ki, Ukrayna Rusiyanı “saxlaya biləcək” və cəbhə xətti müharibə başlamazdan əvvəlki sərhədlərə çıxacaq, bu da Moskvanın uduzması deməkdir. Kissincer qeyd edib ki, bu halda Kiyev yenidən silahlanacaq, Ukrayna ilə NATO arasında sıx əlaqələr qurulacaq və ya dövlət alyansın bir hissəsi olacaq.

ABŞ-ın keçmiş dövlət katibi əmindir ki, Ukrayna prezidenti Volodimir Zelenski üçüncü variantı həyata keçirmək niyyətindədir. Siyasətçi bu ssenarini Qərb dövlətləri üçün “əhəmiyyətli nailiyyət” adlandırıb. O əlavə edib ki, Şimali Atlantika Alyansı Finlandiya və İsveçin də qoşulması ilə daha da güclənəcək və Ukrayna Avropada ən böyük quru qoşunlarına sahib olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ