Avropa Komissiyası Gürcüstan, Moldova və Ukraynaya Aİ-yə namizəd statusunun verilməsini tövsiyə edir

Avropa Komissiyası müəyyən şərtlər daxilində Ukrayna, Moldova və Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsini tövsiyə etməyi planlaşdırır. 

Bu barədə Bloomberg müzakirələrlə tanış olan mənbələrə istinadən yazır.

Sözügedən şərtlər ölkələrin qanunvericiliyinin müəyyən standartlara uyğunluğu, qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə ilə bağlıdır.

Avropa Komissiyası öz qərarını cümə günü, iyunun 17-də elan etməyi planlaşdırır. Aİ-yə namizəd ölkə statusunun verilməsi Aİ-nin 27 ölkəsinin hamısının dəstəyini tələb edir.

İyunun 16-da Fransa prezidenti Emmanuel Makron bildirib ki, Fransa, Almaniya, İtaliya və Rumıniya Ukraynaya dərhal Aİ-yə namizəd ölkə statusunun verilməsinin tərəfdarıdır.

İtaliyanın baş naziri Mario Draqi daha əvvəl bildirib ki, İtaliya istisna olmaqla, Aİ-nin əsas ölkələri Ukraynanın dərhal namizəd ölkə statusunu almasına hazır deyil.

Ukrayna Rusiya işğalının başlamasından bir neçə gün sonra Avropa Birliyinə üzv olmaq üçün müraciət edib. Rusiya əvvəlcə Ukraynanın Aİ-yə daxil olmasına etiraz etməsə də, sonradan münasibətini dəyişdi. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri Ukraynanın həm Avropa İttifaqına daxil olmaq istəyinin zərərsizliyinə, həm də Aİ-yə qəbul perspektivlərinə şübhə etdiklərini söyləməyə başladılar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ