NATO Türkiyənin Finlandiya və İsveçə qarşı sərt mövqeyini gözləmirdi

Finlandiya və İsveçə tez bir zamanda alyansa daxil olacağını vəd edən NATO Türkiyədən sərt mövqe gözləmirdi.

Buta.media-nın xəbərinə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində deyib.

“Proses zamanı [İsveç və Finlandiyanın NATO-ya daxil olması] bu məsələdə hansısa problemin olacağına görünmürdü. Bununla belə Türkiyənin narahatlığı yeni deyil. Türkiyə mühüm müttəfiqdir. Müttəfiq təhlükəsizlik məsələsində narahatlığını ifadə edirsə buna diqqət yetirməliyik”, - Stoltenberq deyib və əlavə edib ki, “müəyyən bir müddət ərzində” fikir ayrılıqlarının aradan qaldırılacağına ümid edir.

O həmçinin bildirib ki, əsas məqsəd Finlandiya və İsveçin mümkün qədər tez NATO-ya üzv olmasıdır. 

“Bu, alyansa digər qoşulma prosesləri ilə müqayisədə daha sürətli ola bilər. İyunun sonunda Madriddə keçiriləcək NATO sammitinə qədər tərəflərin kompromis əldə etmələri lazımdır”, - Stoltenberq vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ