Nüvə müharibəsi riski pik həddə çatıb - Ən çox döyüş başlıqları hansı ölkədədir?

Rusiyanın Ukraynada başladığı müharibə “nüvə gücləri” arasında gərginliyi artırıb. Belə ki, bu gün dünyada nüvə silahından istifadə riski Soyuq Müharibə dövründən ən yüksək həddə çatıb. 

Buta.media-nın xəbərinə görə, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) tərəfindən hazırlanan illik “silahlar” xülasəsində məlumat verilib.

SIPRI-nin qiymətləndirməsinə əsasən, “nüvə klubu”nun bütün üzvləri - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreya qarşıdakı illərdə döyüş başlıqlarının sayını artırmaq niyyətindədirlər.

“Son bir ildə həm nüvə silahlarına nəzarət, həm də nüvə tərksilahı sahəsində əhəmiyyətli irəliləyişlərin əldə edilməsinə baxmayaraq, hazırda nüvə silahından istifadə riski soyuq müharibə dövründən ən yüksək həddə çatıb”, - SIPRI hesabatında institut direktoru Den Smit qeyd edib.

SIPRI kütləvi qırğın silahlarının öyrənilməsi proqramının direktoru Vilfred Vanq bildirib ki, dünyanın bütün “nüvə gücləri” öz arsenallarını artırır və ya təkmilləşdirir.

“Əksər ölkələr nüvə ritorikasına və nüvə silahlarının hərbi strategiyalarda oynadığı rola getdikcə daha çox yer verir. Və bu, çox narahatedici tendensiyadır”, - deyə o bildirib.
SIPRI eksperti Hans Kristensenin sözlərinə görə, soyuq müharibənin bitməsindən sonra başlayan nüvə silahlarının azaldılması prosesinin başa çatdığına dair “açıq əlamətlər var”.

2022-ci ilin yanvar ayına olan məlumata əsasən, nüvə başlıqlarının sayına görə ölkələrin reytinqi:

• ABŞ - 1744 (ehtiyatla birlikdə - 3708);

• Rusiya - 1588 (4477);

• Fransa - 280 (290);

• Böyük Britaniya (2021-ci ildə ölkə nüvə başlıqları haqqında məlumatları dərc etməkdən imtina edib) - 120 (180).

• Pakistanda -165, Hindistanda - 60, İsraildə - 90, Şimali Koreyada isə 20 döyüş başlığı var.

SIPRI-nin məlumatına görə, Rusiya dünyanın ən böyük nüvə arsenalına malikdir, ümumilikdə RF-də müxtəlif gücə malik 5977 nüvə başlığı var ki, bu da ABŞ-ın nüvə arsenalından təxminən 550 ədəd çoxdur. Rusiya və Birləşmiş Ştatların payına dünyadakı bütün nüvə başlıqlarının 90%-dən çoxu düşür.

Yaxın gələcəkdə 300-ə yaxın yeni raket qurğusunu istifadəyə verməyə hazırlaşan Çin onlara çatmağa çalışır.

Hesabatda bildirilir ki, 2021-ci ilin yanvarından 2022-ci ilin yanvarına qədər döyüş başlıqlarının ümumi sayı 13.080-dən 12.705-ə qədər azalmasına baxmayaraq, onlardan ən azı 2 mini daim yüksək hazırlıq vəziyyətindədir.

İnstitutun qeyd etdiyi kimi, ehtiyatların azalması Rusiya və ABŞ-ın köhnəlmiş sistemləri sıradan çıxarması isə bağlıdır, istifadəyə yararlı döyüş başlıqlarının sayının isə eyni səviyyədə qalır. 

SIPRI arsenalların növbəti onillikdə artacağını gözləyir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ