Şeytan adası. Lənətlənmişlərin cəhənnəmi - FOTO

Sakit okeanın buzlu suları, nəzarətçilər üçün qüllələr və tikanlı məftildən ikiqat hasarla əhatə olunmuş ABŞ ədalətinin keçmiş simvolu Alkatraz həbsxanası (“şeytan adası”nda beton qala) bu gün muzey kimi fəaliyyət göstərir. Həbsxana 1963-cü ilin martın 21-də bağlanıb, lakin orada baş verənlər həmişəlik tarixdə qalacaq.

Alkatraz ABŞ hökumətinin ötən əsrin 20-30-cı illərində geniş yayılan mütəşəkkil cinayətə cavab idi. Böyük depressiya və “quru qanun” fonunda mafiya klanları o qədər hakimiyyət qazandılar ki, məmur və hakimləri satın almaqla yanaşı, öz həyatları barədə filmlərə də dəstək göstərirdilər. Adi həbsxanalarda isə cinayətkarlar özlərini kurortdakı kimi hiss edirdilər.

Amerika məhkəməsinə adı çəkiləndə ən təhlükəli cinayətkarların titrədiyi simvol lazım idi. Bu məqsədlər üçün keçmiş hərbi həbsxana - Alkatraz adasında yerləşən alınmaz müdafiə qalası seçildi.

Hərbi həbsxananın yerləşdiyi qalanın qədimi binası tamamilə söküldü, yalnız bünövrəsi saxlanıldı. Bu yerdə federal həbsxana tikildi. Buraya ən təhlükəli cinayətkarlar göndərilməyə başlanıldı. Olduqca sərt qaydalara və islah işlərinə görə Alkatraz Amerikada “həbsxanaların həbsxanası adını aldı”.

Qızıl Qaydalar Rəisinin polad məngənələri

Alkatrazdakı məhbuslar üçün sərt qaydaları həbsxananın ilk direktoru Qızıl Qaydalar Rəisi kimi tanınan Ceyms A.Conston tərəfindən tətbiq olunmuşdu. O,  islah işlərinin ciddi intizamla həyata keçirilməsinin tərəfdarı idi.

Məhbusların həyatı sərt gündəliyə tabe edilmişdi.

Saat 6:30 yuxudan oyanırdılar. 25 dəqiqə ərzində kameralarını təmizləməli, dişlərini yumalı və digər gigiyena prosedurlarını yerinə yetirməli idilər.

Saat 6:55 yoxlama üçün kameranın barmaqlığına yaxınlaşmalı idilər. Qapılar yalnız hamının vaxtında çatdığı zaman açılırdı.

Ceyms A.Conston kameraya baxır Foto: © AP Photo

Səhər yeməyi, nahar və şam yeməyinə 20 dəqiqə. Əgər məhbuslardan hansısa yeməkxanada mübahisə edirdisə, nəzarətçilər dərhal gözyaşardıcı qaz buraxırdılar.

Gün ərzində məhbusları 13 dəfə sayırdılar, altı dəfə yoxlama keçirilirdi, bütöv iş günü tətbiq olunurdu - axşam saat 21:30-a qədər. Məhbuslar sahəsi 3x1,5 metrə olan soyuq bir nəfərlik kameralarda yaşayırdılar. Həbsxanada həmişə nəmişlik olurdu - qala okeanın ortasında idi.

Conston ilk illərdə Alkatrazda “səssizlik siyasəti” tətbiq etmişdi. Məhbuslar bir neçə saat ərzində heç bir səs çıxarmamalı idilər. Rəis sükutun nə qədər davam edəcəyi və yenidən danışmağa nə vaxt icazə veriləcəyinə özü qərar verirdi. Məhkumlardan birinin sözlərinə görə, “səssizlik siyasəti” nəticəsində onlar yaxınlıqdakı şəhərdə həyatın necə qaynadığını eşidirdilər, və bu, barmaqlıqlar arasında yaşamağı dözülməz edirdi. Kimsə dəli olurdu, kimsə intihar edirdi.

Səssizliyə əlavə D blokuna mütəmadi səfərlər idi. Məhbuslar buraya ən kiçik pozuntuya görə düşürdülər. Blokda bir nəfərlik izolyasiya edilmiş kameralar var idi. 

Burada məhbuslar üst paltarsız və döşəksiz qalırdılar. İşıq və tualetin yox idi (onun əvəzinə döşəmədə bir deşik var idi), yeməyə isə çörək və su verirdilər. İzolyatorda bir-iki gündən 19 günə qədər saxlanan məhbuslardan ən dözümlüləri belə sınırdılar.

Alkatrazın ulduzları

Alkatraz rejimi məhbusların düzəlməsi üçün yox, onların sındırılması üçün nəzərdə tutulmuşdu. Burada məhbuslar hər şeydən məhrum edilirdilər: təkcə nüfuz yox, öz adlarını belə itirirdilər. Və təəccüblü deyil, çünki onların arasında cinayət dünyasının “ulduzları” var idi.

Al Kapone - nömrə 85

1920-1930-cu illərdə Çikaqoda fəaliyyət göstərən amerikalı qanqster. Alkatraza 1934-cü ildə düşüb.

Foto: © AP Photo/Susan Ragan

Al Kapone Alkatraza Atlanta həbsxanasında köçürülmüşdü. Atlantada şəxsi müdafiəsi üçün bütöv bir qrup toplamağı bacaran qanqster, Alkatrazda tək qalmışdı. Lakim kriminal şöhrət onu dinc buraxmırdı, və nəticədə digər məhbuslarla şəxsi mübahisələr zamanı Al Kapone öz kamera yoldaşı tərəfindən kəsici alətlə yaralanmışdı. 

Məhbusun psixi səhhəti inkişaf edən neyrosifilisin fonunda pisləşirdi. 1939-cu ildə o Aylend Terminalı islah müəssisəsinə köçürülür. 

Al Kapone Alkatrazda keçirdiyi dörd ili belə xatırlayır: “Alkatraz mənə qalib gəldi”.

Robert Straud - nömrə 594

Qatil kanar çəkçəkisinə olan sevgisinə görə “Birdman” ləqəbi alıb.

Foto: © wikipedia.org

O, 1942-ci ilin dekabrında Alkatraza düşüb. Bu həbsxanada “Birdman” 17 il keçirib, onun altı ilini D blokunda. Straudu quşlarla təmasdan məhrum ediblər, və bununla birgə D blokunda keçirdiyi müddət nəticəsində onun psixoloji pozuntusu yaranıb. 

Administrasiya onu həbsxana hospitalına köçürüb, burada qəzəb tutmalarına dərman kimi buz vannası tətbiq olunurdu.

Corc Pulemyot Kelli Barns - nömrə 117

Dövrünün ən tanınmış quldurlarından biri Alkatraza 1934-cü ilin sentyabrın 4-də neft maqnatı Çarlz Urşeli oğurlayandan sonra düşüb.

Foto: © wikipedia.org

Həbsxanada Pulemyot tez sınıb və nümunəvi məhbus adını alıb. Məhz bunun sayəsində o qalan müddətini adi Livernvort həbsxanasında keçirib. 1954-cü ilin 18 iyul tarixində ürək tumasından ölüb. 

Meyer Harris Mikki Koen - nömrə 1518

XX əsrin ortalarının yəhudi mafiyasının ən məşhur nümayəndələrindən biri. Alkatraza 1961-ci ildə yerləşdirilib.


Foto: © wikipedia.org

Vergidən yayınmaya görə ittiham edilib. Alkatrazda məhbuslardan biri Koeni boru parçası ilə öldürmək istəyib. Özünü nümunəvi apardığına görə Mikki Atlanta federal həbsxanasına köçürülüb.

Adada üsyan

Alkatrazda məhbuslardan biri, bank qarətçisi Bernard Koy silah anbarına yol tapıb. Lakin onun ölçüləri içəri girməyə icazə vermirdi. Koy arıqlamaq üçün yemək yemədi.

1946-cı ilin 2 may tarixində o piylə sürtünərək deşikdən anbara daxil olub. Tüfənglə silahlanan Koy digər məhbuslara avtomat, dəyənək və qaz qumbaraları verib. Lakin qaçaqların planı təsadüf nəticəsində pozulub -  mühafizə açarları yerindən asmayıb.

Açarları tapmaq üçün məhbuslar mühafizəçiləri güllələyiblər və onların üstünü axtarıblar. Qapıya lazımı açarın düşməsini yoxlayan zaman qapılar bloklanıb. Alkatrazda qiyam başlayıb. Mayın 4-də hüquq-mühafizə orqanları qiyamı yatırıblar.

Nəticədə iki mühafizə işçisi və üç məhbus öldürülüb, 14 mühafizəçi və bir məhbus yaralanıb.

KİV-də bu hadisə “Alkatras uğrunda döyüş” adlandırılıb.  

Həbsxanaların həbsxanasından qaçış

Foto: © flickr/Selbe

30 illik tarixi zamanı Alkatrazdan 36 məhbus qaçmağa cəhd göstərib, onlardan yalnız biri uğurlu olub.

Bağlanmağına bir ildən az qalmış bir vaxtda alınmaz qala “təslim oldu”. Üç məhbus həbsxanadan qaçmağı bacarıb. Bu hadisə 1979-cu ildə çəkilmiş və Klint İstvudun baş rol aldığı “Alkatrazdan qaçış” filminin əsasına qoyulub.

Məhbuslar Frenk Morris və Con və Klarens Enqlin qardaşları tarixin ən mürəkkəb qaçış planlarından birini hazırlayıblar.

Həbsxana işçilərindən lazımi ləvazimatı tapdıqdan sonra qaçaqlar kustar üsulla drel düzəldiblər. Bir ilə yaxın onlar drellə (10 sentlik qəpiyin gümüşü vasitəsilə birləşdirilmiş qaşıq və tozsoranın motoru) ventilyasiya şaxtasının yanında deşik açıblar.

1960-cı ildə Alkatraz rəhbərliyi “musiqi saatı” tətbiq etdi. Bu saatlarda musiqinin səsi drelin səsini batırırdı. Maskalamaq üçün məhbuslar bu yeri siqaret qutuları və kartondan düzəldilən ventilyasiya şaxtası maketindən istifadə edirdilər.

Frenk Morris və Enqlin qardaşları 50 rezin gödəkcə tapıblar, bu gödəkcələrdən 4x2 metrə qayıq və xilasedici jiletlər düzəldiblər. Çölə çıxan kimi qaçaqlar qayığa əl qarmoşkası ilə hava vurublar. Məhbuslar hətta faner tapıb avar düzəldiblər.

Öz yerlərinə cinayətkarlar kukla qoyublar ki, mühafizəçilərin diqqətini yayındırsınlar. Sim, palçıq və sabundan düzəldilən kuklaları insan bədəni rənginə boyayıblar. Daha inandırıcı olsun deyə, qaçaqlar kuklaların başına bərbərxanadan yığdıqları saçları qoyublar.

Artıq bu hadisədən yarım əsr keçib, lakin Frenk Morris və Enqlin qardaşlarını tutmaq mümkün olmayıb, baxmayaraq ki, onlara görə bir milyon dollar mükafat təyin edilib. İndiyə qədər onlar itkin düşmüş hesab edilirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ