Azərbaycanın işğal edilmiş ərazilərində prezident olmaq istəyən separatçı Dağlıq Qarabağ rejiminin keçmiş “müdafiə naziri” Samvel Babayanın bəyanatı Ermənistan siyasi dairələrində böyük qalmaqal yaradıb.
Haqqin.az saytının məlumatına görə, ötən gün Samvel Babayan bəyan edib ki, Dağlıq Qarabağ Rusiyaya verilməlidir və bu münaqişənin yeganə həll yoludur.
Ermənistanda belə bir qərar narazılıqla qarşılanıb, S.Babayan “xəyanət”də ittiham edilib.
Belə reaksiyadan sonra Babayanın ofisi bəyanatla çıxış edərək “sabiq naziri”in sözlərinin düzgün anlaşılmadığını bildirib.
Babayanın ofisinin bəyanatında qeyd olunur ki, “konsepsiya”ya əsasən Ermənistan, Azərbacyan və “DQR” Dağlıq Qarabağın idarə olunması ilə bağlı çoxtərəfli birgə saziş imzalamalıdırlar.
Dağlıq Qarabağın statusu bu saziş imzalandıqdan sonra referendum yolu ilə həll edilməlidir.
Qeyd edək ki, Dağlıq Qarabağın Rusiyaya verilməsi ideyası bir neçə əvvəl erməni jurnalist və yazıçı Zori Balayan tərəfindən də təklif olunmuşdu. O bu barədə hətta Vladimir Putinə məktub yazmışdı.