Rusiya işğal etdiyi Ukrayna vilayətlərinin sakinlərinə rus vətəndaşlığı verir

Rusiya prezidenti Vladimir Putin Ukraynanın Xerson və Zaporojye vilayətlərinin sakinlərinin Rusiya vətəndaşlığına sadələşdirilmiş qaydada qəbulu haqqında fərman imzalayıb. Sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

Yeni fərman 2019-cu ilin aprelində Rusiya hakimiyyətinin özünü elan etmiş Donetsk və Luqansk Xalq Respublikalarının sakinləri üçün Rusiya vətəndaşlığı almasını sadələşdirən sənədin mətninə düzəlişlər edir. Xüsusilə, bu ərazilərin sakinlərinin vətəndaşlıq üçün müraciətlərinə üç aydan çox olmayaraq baxılması nəzərdə tutulur.

Dəyişikliklər qüvvəyə minib.

Zaporojye və Xerson vilayətlərinin “yeni administrasiyaları”nın nümayəndələri RİA Novosti-yə bildiriblər ki, onlar artıq Rusiya pasportlarının verilməsi üçün hazırlıqlara başlayıblar.

Rusiya Ukraynanı işğal etdikdən sonra Zaporojye və Xerson vilayətləri rus qoşunlarının nəzarətinə keçdi. Bundan əvvəl bu regionların “yeni administrasiyalarının” nümayəndələri Rusiyanın tərkibinə daxil olmağa çalışacaqlarını bəyan etmişdilər. Öz növbəsində, Rusiya Federasiyasının hakimiyyət orqanları bölgələrə "rus ailəmizdə layiqli yer" vəd etdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ