İranda son bahalaşmadan sonra ölkənin müxtəlif şəhərlərində etiraz mitinqləri kəskin hal alıb. Qiymət artımına qarşı etirazlardan biri də Xuzistan vilayətinin Əndimeşk şəhərində baş tutub.
“Azad İran” “Telegram” kanalı xəbər verir ki, narazı şəhər sakinləri dünən gecə keçirilən etirazlarda “Xameneiyə ölüm!” şüarı səsləndiriblər.
Xuzistanın şəhərlərində bahalığa qarşı etirazlar mayın 5-dən başlayıb və hələ də davam etməkdədir. Hökumətin bir çox şəhərlərdə interneti kəsməsi buradakı etirazlar barədə tam məlumat əldə edilə bilməməsinə səbəb olub.
Xuzistanın Susəngerd şəhərində başlayan xalq etirazları daha sonra İzə, Şadeqan, Həmidiyyə, Dezful və Əhvazın bir sıra yerlərinə də yayılıb və bununla bağlı sosial mediada videolar paylaşılıb. Hökumətin bahalaşmaya qarşı ilk gördüyü tədbir isə həmişəki kimi, etirazları zorla yatırmaq, narazı insanları susdurmaq və bununla bağlı xəbərlərin yayılmasının qarşısını almaq üçün interneti tamamilə kəsmək olub.