Finlandiyanın prezidenti və baş naziri ölkənin NATO-ya üzv olmasına çağırıblar. Rusiya indi onları hədələyir

Finlandiya prezidenti Sauli Niinistö və baş nazir Sanna Marin birgə bəyanat yayaraq NATO-ya mümkün qədər tez üzv olmağa çağırıblar.

“NATO-ya üzvlük Finlandiyanın təhlükəsizliyini gücləndirəcək, Finlandiya isə NATO-ya qoşulmaqla bütün alyansı gücləndirəcək”, - deyə CNN telekanalı sitat gətirir.

Finlandiya prezidenti və hökumət başçısı vurğulayıb ki, dərhal NATO-ya üzvlük üçün müraciət etməlidir.

Ümid edirik ki, yaxın bir neçə gün ərzində bu qərarın qəbulu üçün milli səviyyədə bütün lazımi addımlar atılacaq.

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, “Finlandiyanın NATO-ya daxil olması ikitərəfli Rusiya-Finlandiya münasibətlərinə, Şimali Avropa regionunda sabitliyin və təhlükəsizliyin qorunmasına ciddi ziyan vuracaq. Rusiya bununla bağlı milli təhlükəsizliyinə qarşı yaranan təhdidləri dayandırmaq üçün həm hərbi-texniki, həm də digər xarakterli cavab addımları atmağa məcbur olacaq.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, “Finlandiya Aİ daxilində ölkəmizə qarşı atılan qeyri-dost addımlara qoşulub. Bu, təəssüf hissi doğurmaya bilməz və bizim müvafiq güzgü cavablarımızın səbəbidir” 

Finlandiyanın “Helsingin Sanomat” qəzeti daha əvvəl yazıb ki, Finlandiya hakimiyyəti mayın 15-də NATO-ya üzvlük üçün müraciət etməyi planlaşdırır. Eyni zamanda, nəşrin yazdığına görə, İsveç də eyni addımı atacaq.

Neytral statusa malik İsveç və Finlandiyanın NATO-ya daxil olması Rusiyanın Ukraynaya müdaxiləsindən sonra aktiv şəkildə müzakirə olunmağa başladı.

Finlandiyanın Rusiya ilə quru sərhədi 1200 kilometrdən çoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ