Onları ölməyə qoymayın - “Azov” döyüşçülərinin xanımları Roma Papası ilə görüşdülər

“Azov” komandiri Denis Prokopenkonun həyat yoldaşı Yekaterina və polkun döyüşçüsü Arseni Fedosyukun həyat yoldaşı Yuliya Roma Papsı Fransisklə görüşüblər.

Reuters yazır ki, Yekaterina Prokopenko və Yuliya Fedosyuk Roma Papası ilə beş dəqiqəyə yaxın danışıblar. Onlar xahiş ediblər ki, Fransisk “Azov” döyüşçüləri ilə bağlı birbaşa Rusiya prezidenti Vladimir Putinə müraciət etsin.

“Siz bizim son ümidimizsiniz, onları ölməyə qoymayın” - Yekaterina deyib.

Fransisk “Azov” döyüşçülərinin xanımlarını əmin edib ki, ukraynalı hərbçilərin xilas olunması mümkün hər şeyi edəcək və dualarını əsirgəməyəcək.

Qeyd edək ki, “Azov” polkunun döyüşçüləri Mariupolda “Azovstal” zavodunu müdafiə edirlər, şəhərin digər hissəsi isə rusiyalı hərbçilərin nəzarətindədir. Mayın 8-də “Azov” döyüşçüləri bəyan ediblər ki, “yalnız təxliyə oluna bilərlər”, belə ki effektiv müdafiə üçün bütün resursları artıq sərf ediblər. Bununla belə “Azov” nümayəndələri qeyd ediblər ki, əsir düşməyə razı olmayacaqlar.

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Mariupolu mühasirədən çıxarmaq hazırda mümkün deyil, lakin “Azov” döyüşçülərinin təxliyə olunması ilə bağlı diplomatik cəhdlər davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ