Sevginin yaşı olmur və ya Orxan Hüseynli 88 yaşlı britaniyalı qadını necə aldatdı

Böyük Britaniyada pandemiya ilə əlaqədar tətbiq edilən karantin zamanı özünü Azərbaycan vətəndaşı kimi təqdim edən “Hillari Məmmədov” 88 yaşlı britaniyalı qadını 36 min funt sterlinq məbləğində aldadıb.

Buta.media-nın xəbərinə görə, BBC-nin efirində danışan 88 yaşlı Dayana bildirib ki, pandemiya ilə əlaqədar ailəsi və dostları ilə görüşə bilməyib. Nəticədə o “Facebook” sosial şəbəkəsində vaxt keçirməyə başlayıb və burada özünü “Hillari Məmmədov” və ya “Larri” kimi təqdim edən kişiya vurulub.

“Pandemiya dövrü dəhşətli idi. İndiyə qədər əminəm ki, “Larri” ilə münasibətimiz məni xilas etdi”, - Dayana “Sevgi və ya pul naminə” verilişində deyib.

Aparıcılıar qadını aldadıldığına və “virtual dələduzluğa” məruz qaldığına inandırmağa çalışıblar, lakin 88 yaşlı Dayana buna inanmaqdan imtina edirdi.

“Hillari Məmmədov” və ya “Larri” Dayanaya beynəlxalq gəmidə mühəndis işlədiyini və varlı olduğunu deyib. İkili vətəndaşlığı olduğunu bildərən “Larri” (Azərbaycan və ABŞ) hazırda Azərbaycanda bank hesabının bloklandığını deyib və Dayanadan ona kiçik məbləğdə kömək etməyini istəyib.

Sübut kimi “Larri” britaniyalı qadına Azərbaycan banklarının birindən 1 milyon dollarlıq hesabın skrinşotunu göndərib.

Dayana “Hillari Məmmədova” pulu göndərib, çünki onu centlmen və yaxşı insan hesab edib. Bundan əlavə o, internet-sevgilisinə Böyük Britaniyaya gəlməyi və şəxsi tanış olmağı təklif edib.

“Larri” cavab olaraq Dayanaya şad xəbəri çatdırıb - onun gəmisi Yeni Zelandiyadan ABŞ-a yolda Britaniyanın Sautqempton limanına girəcək, və bununla da onlar tezliklə görüşəcəklər.

Bir müddət sonra “gəmi mexaniki” qadına bildirib ki, artıq İngiltərədədir. Lakin Dayana ilə görüşə gələn zaman motosiklet qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Müalicə üçün tibbi sığortası olmadığını və bank hesabının bloklandığını xatırladan “Larri” qadından yenidən pul ustəyib.

Qəza xəbərini eşidən Dayana sevgilisinə tibbi xərcləri ödəmək üçün pul göndərib.

“Mən ona 9 min funt sterlinq göndərdim. Bu böyük məbləğdir. Lakin sonradan məlum oldu ki, bu məbləğ onun xərclərini qarşılamır. Daha sonra isə ona ABŞ-a təyyarəyə bilet üçün pul lazım oldu, çünki gəmisindən geri qalmışdı. Nəticədə “Larri” mənə böyük məbləğ borclu qaldı, lakin o sonuncu qəpiyinə qədər qaytaracağına söz vermişdi”.

Dayana sevgilisinin aviabileti, tibbi xərcləri, gömrük rüsumları, həmçinin Böyük Britaniyaya müxtəlif ölkələrdən göndərilən “bağlamaların” xərclərini ödəyib. Nəticədə birtaniyalı təqaüdçü bütün həyatı boyu topladığı 36 min funt sterlinqini itirib.

“35 yaşımdan iki-üç yerdə işləyirdim, paralel olaraq uşaqlarıma baxırdım”, - Dayana danışır. - Bəli, mən doğurdan ağılsız hərəkət etdim, lakin nə edə bilərdim? Mən hətta indi də həmin insanı sevirəm və ondan ötrü darıxıram. Mən sadəcə həyatımda heç vaxt olmadığı sevgini tapmaq istəyirdim”.

Britaniyalı polislərin araşdırmasından sonra məlum olub ki, sosial şəbəkədə “Hillari Məmmədov” və ya “Larri” hesabı saxtadır.

BBC telekanalı “Hillari Məmmədovun” adına olan pasportun nüsxəsini göstərib. Söhbət 1975-ci il təvəllüdlü Məmmədov Orxan Hüseyn oğlundan gedir. Lakin bu pasportun da saxta olması ehtimalı böyükdür

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ