“Xelo” gəmisinin sirri - İki Azərbaycan vətəndaşı həbs olundu

Tunis sahillərində batan “Xelo” gəmisinin yeddi ekipaj üzvü həbs olunub. 

Buta.media Reuters-ə istinadən xəbər verir ki, saxlanılanlar arasında iki Azərbaycan vətəndaşı var.

İddia olunur ki, saxlanılan şəxslər yük gəmisini qəsdən batırıblar.

1977-ci ildə inşa olunan və Ekvatorial Qvineya bayrağı altında üzən 58 metrlik “Xelo” gəmisi bu ilin mart ayında Misirdə qısa dayanacaq etdikdən sonra Maltaya kurs götürüb.

Gəmi Tunisin Qabes şəhərinin sahilinə çatarkən SOS siqnalı verilib. Tunis HDQ batan gəmidən yeddi ekipaj üzvünü xilas edib - dörd türk, iki azərbaycanlı və bir gürcü.

Ekipaj üzvləri bildiriblər ki, gəmi böyük həcmdə xam neft daşıyırdı və bu Tunis hökumətinin, eləcə də beynəlxalq ekologiya təşkilatlarının narahatlığına səbəb olub. Neftin dağılması ciddi ekoloji fəlakətə səbəb ola bilərdi.

Tunis hökuməti “Xelo”dan neftin çıxarılması üçün hazırlıqlara başladı, lakin qeyri-sabit hava şəraitinə görə əməliyyat həyata keçirilmədi. Dalğıclar dənizin dibinə düşərək gəmiyə xüsusi troslar bağladılar və gəmini xam neft yükü ilə birgə sahilə çıxaramağa hazırlaşmışdılar.

“Biz gözləyirdik ki, hava şəraiti düzəlsin və dalğıclar gəminin korpusunu və yükü yoxlasınlar”, - Tunisin ətraf mühit naziri Leyla Çixaui müsahibəsində demişdi.

Bir neçə gün sonra hava şəraiti düzəldi və dalğıclar gəmiyə baxış keçirə bildilər. Lakin məlum oldu ki, “Xelo”da heç bir neft məhsulu yoxdur və gəmi ümumiyyətlə boşdur.

Tunis hüquq-mühafizə orqanları gəminin sığorta şirkətindən kompensasiya alınması üçün qəsdən batırıldığını hesab edirlər. Digər versiyaya görə, ekipaj üzvləri kontrabanda ilə məşğul olurdular.

Ekipaj üzvləri bildiriblər ki, gəminin sənədləri itib, lakin məhkəmə hakiminin sözlərinə görə, onların ifadələrində uyğunsuzluq var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ