İspaniyada Rusiyanın qaz hasilatı üzrə nəhəng şirkətlərindən biri “Novatek”in keçmiş top meneceri Sergey Protosenyanın həyat yoldaşı və qızı ilə birgə cəsədləri tapılıb.
Buta.media-nın xəbərinə görə, bu barədə “Teleinco” telekanalı məlumat yayıb.
Bildirilir ki, Protosenya Fransada yaşayırdı və İspaniyaya ailəsi ilə birgə Pasxa bayramını qeyd etməyə gəlmişdi.
Onun sərvəti 400 milyon avro məbləğində qiymətləndirilir.
İspaniya hüquq-mühafizə orqanlarının məlumatına əsasən, 55 yaşlı Protosenya həyat yoldaşı və 15 yaşlı qızını balta və bıçaqla qətlə yetirib, bunun ardınca isə özünü asaraq intihar edib. Cinayət zamanı istifadə olunan alətlər isə milyonerin cəsədinin yanında aşkar edilib. Hazırda Kataloniya polisi hadisənin üçüncü şəxslər tərəfindən törədilib-törədilmədiyini araşdırır.
Xatırladaq ki, aprelin 18-i “Qazprombank”ın keçmiş vitse-prezidenti Vladislav Avayev həyat yoldaşı və uşağını yaşayış binasında qətlə yetirdikdən sonra intihar etmişdi.