Rusiyanın Qara dənizdə flaqmanı sayılan “Moskva” kreyserinin vurulmasının təfərrüatı məlum olub.
Buta.media Mignews-a istinadən xəbər verir ki, Ukraynanın RF kreyserinə hücumu kompleks şəkildə həyata keçirilib.
Bildirilir ki, ekipajın diqqətini yayındırmaq üçün Bayraktar TB2 PUA-sı cəlb olunub, daha sonra isə Odessadan gəmiyə raket zərbəsi endirilib.
Ukrayna KİV qeyd edir ki, bu 1945-ci ildən, İkinci Dünya müharibəsi bitəndən sonra batırılan ən böyük hərbi gəmidir. SOS siqnalı saat 01:05-də verilib. Gəmi sol tərəfi üstə aşıb. 54 matros Türkiyə gəmisi tərəfindən xilas olunub.
Odessa vilayətinin administrasiyasının rəhbəri Maksim Marçenko bildirib ki, kreyseri Ukrayna istehsalı olan “Neptun” gəmi əleyhinə raketlə vurublar.
“Qara dənizin keşiyində dayanan “Neptun” raketləri Rusiya gəmsinə ciddi ziyan vurublar. Yaşasın, Ukrayna!”, - Marçenko yazıb.
Ukrayna prezidenti ofisinin məsləhətçisi Aleksey Arestoviç qeyd edib ki, hadisə nəticəsində gəmidə yanğın başlayıb.
Arestoviç əlavə edib ki, “Moskva” kreyseri İlan adasında keçirilən əməliyyatda iştirak edib və məhz bu gəmi ilə məşhur “Rus hərbi gəmisi *****!” ifadəsi bağlıdır.
Rusiya Müdafiə Nazirliyi gəmidə yanğının baş verməsini etiraf edib. Qurumdan bildiriblər ki, yanğın nəticəsində gəmidə olan sursatlar partlayıb, kreyser ciddi zədələnib və ekipaj təxliyyə olunub.
Qeyd edək ki, “Moskva” kreyseri “Atlant” 1164 layihəsinin əsas gəmisidir. Kreyser Ukraynada Nikolayev gəmiqayırma zavodunda inşa olunub, 1982-ci idlə suya buraxılıb və ilk olaraq “Slava” adını daşıyıb. 2000-ci idlə “Moskva” adı altında kreyser RF HDQ-nin Qara dəniz donanmasının flaqmanı olub. Kreyser bir sıra silahlı münaqişələrdə, o cümlədən Rusiyanın Suriyadakı əməliyyatlarında iştirak edib. Bundan sonra gəmi bir neçə il təmirdə olub. Kreyserin ekipajı 510 nəfər, uzunluğu 190 metrdir. Gəmi qanadlı raket kompleksləri, bir neçə zenit-raket kompleksləri, artilleriya və gəmi əleyhinə raketlərlə təchiz olunub.