Həlledici döyüş - Rusiya, yoxsa Ukrayna qalib gələcək?

Ukrayna prezidenti Volodimir Zelenskinin proqnozuna görə, Rusiya ordusu bu həftə Donbasın şimalında və cənubunda həlledici hücuma keçəcək. RF komandalığının hücuma hazırlığı davam edir. Hər iki tərəf ehtimal edilən döyüş zonasına artıq əlavə qüvvələr cəmləşdirib. Döyüşlər başlayanda müharibənin yeni mərhələsinə keçid olacaq.

Müharibənin yeni mərhələsi əvvəlkindən nə ilə fəqrlənəcək?

Əvvəllər Sumıdan Kiyevə qədər yüz kilometrdən çox məsafədə bir-birinə qarşı döyüşən Rusiya və Ukrayna orduları indi cəbhədə on kilometr məsafədə üzbəüz dayanacaqlar. Qoşunların və atəş nöqtələrinin sıxlığı artacaq: kiçik döyüş qruplarının əvəzinə cəbhənin dar hissəsində on minlərlə əsgər üz-üzə gələcək. Müharibənin ilk mərhələsini Rusiya qoşunları uduzdular: onların nə say, nə də kəşfiyyat üstünlüyü var idi. Yeni döyüşün nəticəsi Rusiya ordusunun bu şəraitdə hansısa üstünlüyə yiyələnməsindən asılıdır.

Ətraflı

Rusiya ordusu aprelin 3-də Kiyev, Çerniqov və Sumı vilayətlərini tamamilə tərk etdi. Qoşunlar Rusiya və Belarus ərazilərinə geri çəkildilər. Belarusdan da qoşunların böyük hissəsi Rusiya ərazisinə keçirilib.

RF Müdafiə Nazirliyi bəyan edib ki, çıxarılan qoşunların hamısı Donbas uğrunda həlledici döyüşə cəlb olunacaq. Artıq Kiyevdə döyüşlərdə iştirak etmiş desant hissələri Xarkov vilayətinə gəliblər. Bu döyüş fonunda hətta gələcək sülh barədə danışıqlar da dayandırılıb.

Amerikalı və rusiyalı analitiklər döyüşün sadə formada keçəcəyini proqnozlaşdırırlar. Rusiya ordusu gücünü iki əsas istiqamətdə toplayacaq:

Şimalda (Xarkov və Donetsk vilayətləri ilə sərhəddə) zərbə qrupu formalaşdırılacaq. Bu qrup qərbdən Ukraynanın Kramatorsk və Slavyanskda yerləşən əsas qüvvələrini yan keçərək cənub cəbhəsində hücuma başlayacaq. Mart ayında bu istiqamətdə yaranan cəbhə Severski Donets çayı üzərindən keçir. Çay ciddi maneədir: burada qoşunların təminatı mühəndis hazırlığı tələb edir, yəni etibarlı və təhlükəsiz körpülər. Buna görə hücumun başlaya biləcəyi yeganə ərazi çayın cənub sahili, Rusiya ordusu tərəfindən İzyum rayonunda yaradılan əməliyyat zonası hesab olunur.

Cənubdan – Donetsk və Zaporojye vilayətlərindən İzyumdakı qrupa doğru Rusiya və qondarma DXR qüvvələri yola düşəcəklər. Ehtimal olunur ki, onlara Mariupoldakı hücum qrupu dəstək verəcək, lakin şəhərdə əməliyyatlar hələ bitməyib.

Ehtimal olunan hücum rayonunda hazırda nə baş verir?

Xarkov vilayətinin cənubunda, İzyum rayonunda döyüşlər mart ayında başlayıb. Martın ortalarında Rusiya hərbçiləri Sevesrki Donets çayı üzərindən bir neçə körpü asıblar. Son həftə ərzində isə onlar İzyumun cənub hissəsini (çayın sağ sahili) və Kamenka kəndini ələ keçiriblər. Bununla da Rusiya qoşunları çay üzərində təhlükəsiz keçidi təmin ediblər.

NASA-nın FIRMS şirkətinin yanğınlarla bağlı xəritələri göstərir ki, İzyum uğrunda döyüşlər martın 24-də başa çatıb. Hazırda Rusiya qoşunları burada möhkəmləniblər və artıq bir həftədən çoxdur ki, Ukrayna artilleriyası körpüləri atəşə tutmur.

Lakin bu rayonun hücum üçün çatışmazlıqları da var:

Cənubdan hücum üçün ensiz cəbhə və cənub şərqdən və qərbdən açıq cinahlar (Çuquyevə qədər onlarla kilometr, burada martın sonlarında Ukrayna ordusu bir neçə dəfə hücuma keçib). Beləliklə, Ukrayna qüvvələri Rusiya qoşunlarına cinahlardan hücum edə bilərlər.  

Hücumun başlayacağı yerdən cənubda təpələrdə Ukrayna artilleriyası möhkəmlənib. Rusiya ordusu bir neçə dəfə bu istiqamətdə hücuma keçməyə cəhd etsə də, hər dəfə uğursuz olub.

Donestk vilayətinin sərhədinə sürətli keçid alınmayıb. Dördüncü tank diviziyası, üçüncü motoatıcı diviziya, həmçinin mühəndis qoşunlarının briqadası ciddi itkilər verib. Təkcə Kamenka kəndi uğrunda döyüşlərdə Rusiya ordusu beş tank, 15 ZDM, bir neçə artilleriya texnikası və ondan çox yük avtomobilini itirib.

Bununla belə Rusiya ordusu son həftə ərzində İzyum rayonunda Sevesrki Donets çayının cənub hissəsində əməliyyat ərazisini genişləndirə bilib. Ehtimal olunur ki, Donbas uğrunda həlledici döyüşdə Rusiya ordusu məhz bu ərazindən hücuma keçəcək. Lakin Ukrayna qoşunları burada da tank əleyhinə minalardan və uzaq mənzilli artilleriyadan ibarət mobil müdafiə sistemi qurublar. Bu taktikada hansısa mövqeni itirmək məğlubiyyət demək deyil: Ukrayna ordusu geri çəkilir, Rusiya qoşunları isə tank əleyhinə minalardan və artilleriya zərbələrindən ciddi itkilər verirlər. Bu cür müdafiə sistemi Kiyev ətrafında Rusiya qoşunlarını sıradan çıxarmışdı.

Kiyev uğrunda döyüşlərin ssenarisi təkrarlanacaq?

Xeyr. Kimin qalib gələcəyi məlum deyil, lakin hər iki tərəfin hərbi ekspertləri, əməliyyatın indiyə qədər gördüyümüz taktikadan fərqli olacağını deyirlər. Ehtimal olunur ki, Rusiya ordusu əvvəlki döyüşlərlə müqayisədə daha sıx olacaq. Rusiyalı ekspertlər hesab edirlər ki, əgər döyüşlərin ilk ayında olan problemlər aradan qaldırılsa, Rusiya tərəfi qalib olacaq.

Rusiya qoşunlarının hansı problemləri var?

  • İlk növbədə bu piyada qruplarında say çatışmazlığıdır. Belə ki, müddətli hərbi qulluqçularla komplektləşdirilmiş qruplarda şəxsi heyət çatışmazlığı var. İlk ayda ciddi itkilər verən Rusiya ordusunda bu problem daha da kəskinləşib. Bu səbəbdən hətta hansısa ərazini işğal edəndə belə, Rusiya qoşunları həmin zonaya nəzarət edə bilmirlər. Müqayisədə Ukrayna ordusu səfərbərlik elan edib və könüllülərin hesabına boşluqları doldurub.
  • Yeni intensiv döyüşlərdən bir neçə həftə sonra Rusiya ordusunda şəxsi heyət baxımından vəziyyət kritik ola bilər. Belə olanda Rusiya hökuməti qismən səfərbərlik elan edə bilər. 
  • Atəş gücünün üstünlüyündən də istifadədə problemlər yaranıb. 2014-cü ildə Donbasda Rusiya qoşunları döyüş əməliyyatlarını ayrı-ayrı taktiki tabor qrupları ilə aparırdı. Bu qruplara artilleriya dəstəyi, kəşfiyyat bölmələri, HHM kompleksləri, radioelektron mübarizə sistemləri ilə gücləndirilmiş tank və motoatıcı taborlar daxil idi ( hər birində 800-1000 hərbçi). Bununla belə 2014-2015-ci illərdə bu qruplar üstünlüyə malik olsalar da, hazırki instensiv döyüş şəraitində çox zəif təsir bağışlayırlar (səbəbləri məlum deyil).
  • Ehtimal olunur ki, əsas problem - elə həmin piyada gücünün çatışmazlığıdır.  Rusiya ordusu üçün daha bir problem isə Ukrayna tərəfinə texniki kəşfiyyat vasitələrində uduzmağıdır - PUA-lar, sputnik məlumatları, aviasiya kəşfiyyatı (burada məlumatları NATO təqdim edir), radarlar, həmçinin artilleriya atəşinin mənbəsini tapa bilən qurğular. Ukrayna ordusunda əlaqə və məlumat mübadiləsi, o cümlədən ümumi komandanlıq daha yüksək səviyyədədir. 
  • Nəticədə (döyüş yerlərindən foto və videoya görə) Rusiya qoşunlarının qarşısını əsasən Ukrayna artilleriyası alır, hansı ki Rusiya artilleriyasında həm say, həm də keyfiyyət baxımından zəifdir, lakin hədəflərin təyin edilib vurulmasına görə üstünlüyü var. 

Ukrayna ordusunun əsas problemləri nədir?

  • Rusiya qoşunları artıq bir aydan çoxdur ki, Mariupolda sayca dəfələrlə az olan Ukrayna hərbçilərini mühasirədə saxlayır, lakin onları məğlub edə bilmir. Mariupolda 15 min nəfərlik Ukrayna ordusu mühasirəyə qədər döyüş sursatları və digər vasitərlə təchiz olunmuşdu. Ərazi baxımından daha böyük olan Donbasda bu ehtiyatları təmin etmək çətin olacaq. Nəzərə alsaq ki, Ukrayna ordusu son bir ayda burada döyüşlərdə ehtiyatlarının böyük hissəsini sərf ediblər. Buna görə həlledici döyüşdə Ukrayna komandanlığı əsas qüvvələrinin mühasirəyə düşməyinə imkan verməməlidir.
  • Bundan əlavə Ukrayna ordusunun ağır texnika ilə bağlı problemləri var. İlk növbədə söhbət uzaq mənzilli HHM sistemlərindən və hərbi maşınlardan gedir.                                                                       

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ