Bakıda partlayışda ölən qadının acı həyatı - VİDEO

Aprelin 3-də Səbail rayonunda yerləşən “Location” gecə klubunda baş vermiş partlayışda həlak olan Maya Axundova ilə bağlı bəzi məlumatlar üzə çıxıb.

Buta.media xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşı 1979-cu il təvəllüdlü qadının doğulub böyüdüyü Yasamal rayonu İslam Səfərli küçəsindəki ünvanda olub.

Məlum olub ki, Maya Axundova bacısı ilə birlikdə 2003-cü ildə buradakı mənzillərini sataraq başqa yerə köçüb. Buna baxmayaraq, onların bəzi qonşularla münasibəti qalıb. Adının açıqlanmasını istəməyən sakin bildirib ki, 90-cı illərdə Maya Axundovanın anası Sabunçu rayonu ərazisində öldürülüb: “Meyiti neft mədənlərinin yaxınlığında tapılıb. Mayagil iki bacıdır. Anasının qətlindən sonra atası da onları atdı, qızlar yetimçiliklə böyümüşdü. Mayanın 2001-ci ildə bir oğlu dünyaya gəlmişdi, o uşağı da tək böyütmüşdü”.

Mərhumun digər qonşusu isə deyib ki, onu sonuncu dəfə 5-6 ay əvvəl görüb: “Xeyli vaxt idi süpürgəçilik edirdi. Mənə dedi ki, ona bu ərazidə süpürgəçi işi tapım. Dedim ki, süpürgəçilikdənsə, xadimə kimi işləsə daha yaxşı olar. Deməli, ondan sonra gecə klubunda iş tapıb. Əvvəldən onun və bacısının bəxti gətirməmişdi. Bir bacısı var. O da, Ramanada fermada sağıcı işləyir. Çox məyus oldum...”

O da məlum olub ki, Maya Axundova “Sovetski” adlanan ərazidə kirayə yaşayıb.

Qeyd edək ki, Səbail rayonu Tərlan Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən "Location" gecə klubunda baş vermiş partlayış nəticəsində 1979-cu il təvəllüdlü Axundova Maya Elçin qızı hadisə yerində, 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı isə xəstəxanada vəfat edib. Hadisə nəticəsində daha 36 nəfər xəsarət alıb, onlardan bəzilərinin vəziyyətləri ağır olduğundan xəstəxanalarda müalicələri davam etdirilir.

Hadisə ilə bağlı cinayət işi açılıb, 3 nəfər həbs edilib, istintaq tədbirləri davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ