60 il əvvəl, 19 mart 1962-ci ildə Kazan şəhərinin ətrafında Vasili Stalin vəfat edib – aviasiya generalı və İosif Stalinin oğlu. Vasili Stalin qısa müddətdə başgicəlləndirən karyera edərək 25 yaşında general olub. Lakin atası İosif Stalinin ölümündən sonra SSRİ rəhbərliyinin qəzəbinə tuş gəlib və həbsxanaya göndərilib.
Buta.media Lenta.ru-ya istinadən kiçik Stalinin həyatının son illəri barədə yazını təqdim edir.
Vasili Stalinin karyerası sürətlə inkişaf edirdi: 20 yaşında o polkovnik, 25 yaşında general rütbəsi alıb, 26 yaşında isə artıq Moskva hərbi dairəsinin aviasiyasına rəhbərlik edirdi. Lakin onun Sovet Olimpindən enişi də başgicəlləndirici olub.
5 mart 1953-cü ildə İosif Stalinin ölümündən sonra oğlunun həyatı tamamilə çevrilib. Artıq martın 26-da SSRİ müdafiə naziri Nikolay Bulqanin kiçik Stalinin vəzifəsindən azad olunması ilə bağlı əmr imzalayıb. Aprelin 28-də isə Vasili Stalin həbs olunub. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə Vasili Stalin antisovet təbliğatı apardığı üçün səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
Vasilidən qisas dolayısı ilə sovet idmanına zərbə vurub. Repressiya dalğası Stalinin oğlunun sevimli idman növlərinə də təsir edib: HHQ-nin “ulduzlardan” ibarət futbol və xokkey komandaları, fəaliyyətlərini dayandırıblar. Eyni taleyi atçılıq, üzgüçülük gimnastika və basketbol komandaları da yaşayıblar.
Vasili Stalin mələk deyildi. Lakin bir çox pilotlar və idmançılar onun haqqında müsbət fikirdə idilər. Öz adamlarını darda qoymurdu. Məhz onun təklifi ilə daxmalarda yaşayan hərbi pilotların və texniklərin ailələri yeni “fin” evlərinə köçürülüblər. O, zabitlərini axşam məktəbinə getməyə və reaktiv MİQ-ləri idarə etməyi öyrənməyə məcbur edirdi.
Vasili həmçinin tanınmış futbolçu Nikolay Starostini Lavrenti Beriyanın əlindən xilas edib, və hətta bir müddət onu öz evində gizlədib. Vərəm xəstəsi olan qapıçı Anatoli Akimovu isə xəstəxanaya yerləşdirilməsini təmin edib.
“Mən çox təəssüf edirəm ki, onun haqda pis materiallar dərc olunurdu. Çox xeyirxah adam idi. İdmançılara xüsusi qayğı göstərirdi. Beriya kimi yox”, - tanınmış yüngül atlet Natalya Petuxova deyirdi.
Stalinə qarşı ittihamlar siyahısına həmçinin idmançılara həddindən artıq diqqət göstərməsi də yer alırdı. Misal üçün ittihamda qeyd olunurdu ki, Stalinin oğlu “digər komandalardan idmançıları öz klublarına keçirirdi, onlara qanunsuz olaraq zabit rütbələri və pul mükafatları verirdi”. HHQ zabitləri üçün tikilən 227 mənzilli binadan 60 ev atletlərə verilmişdi.
Xruşov təbliğatı Vasili barədə çoxlu “nağıllar” qoşmuşdu. Mətbuat yazırdı ki, “general-major” şantajla futbolçu və xokkeyçiləri öz komandasına cəlb edirdi.
HHQ-nin komandaları qısa müddət ərzində fəaliyyət göstərsələr də, bütün mümkün nəticələrə görə digərlərini üstələyirdilər - 1948-1952-ci illərdə idmançılar Sovet İttifaqının 60 rekordunu təzələyiblər. Əfsanəvi Vsevolod Bobrov da daxil olmaqla komandanın 14 futbolçusu 1952-ci ildə Helsinkidə keçirilən Olimpiadaya SSRİ millisinin heyətində qatılmışdılar.
“O bizimkilərdən deyil, sadələrdən deyil”.
Xüsusi xidmət orqanlarının materiallarında Stalin “Fliqer” kimi qeyd olunurdu (alman dilindən tərcümədə - pilot). Axtarış zamanı onun 76 şəxsi əmlakı, o cümlədən iki motosikleti, maşını, bir neçə velosipedi və iki baydarkası, atası tərəfindən hədiyyə olunan tüfəng kolleksiyası, Voroşilovun verdiyi silahlar, həmçinin at yəhəri müsadirə olunmuşdu. Stalini ilk olaraq Lubyankada daxili həbsxanada saxlayırdılar, sonradan DİN-nin hospitalina keçirdilər – müharibə dövründən ayaqlarında qalan problem daha da kəskinləşmişdi.
Həbsdən sonra o bir daha Stalin olmadı. Gecələrin birində Vasilini məşhur “Vladimirski çentral” həbsxanasına Vasili Pavloviç Vasilyev (çox güman ki, soyad onun üçüncü həyat yoldaşından götürülmüşdü – üzgüçü Kapitolina Vasilyeva) adı altında gətiriblər. Müəmmalı məhkum dəri kurtka geyinmişdi. Rəsmi olaraq onun şəxsiyyətini gizlədirdilər. Lakin həbsxana işçiləri qısa müddətdə Vasilinin kim olduğunu öyrənmişdilər.
“Onun çəkmələri indikilərə bənzəyirdi – burnu şiş idi. O vaxtlar belələri olmurdu, - 2017-ci ildə həbsxananın 95 yaşlı sabiq işçisi Konstantin Yevseyev xatırlayırdı. – Əynində hərbçi geyimi və pilot kurtkası var idi. Baxıram ki, bizimkilərə oxşamır, sadə insanlardan deyil. Boyu təxminən 1 metr 80 santimetr idi”.
Yevseyev bildirib ki, Stalin çoxlu siqaret çəkirdi, əxlaqsız zarafatlar danışırdı və deyirdi ki, “onu dilinə görə tutublar”. Penitensiar xidmətin veteranına inansaq, Vasili əmin idi ki, onu yeni rəhbərliyin tənqidinə görə həbs etmişdilər. “Siz Stalinin dəfnini təşkil edə bilmədiniz (vida mərasimi zamanı sıxlıqda xəsarət alan insanlar nəzərdə tutulur) dövləti necə idarə edəcəksiniz?”, - Vasili SSRİ-ni yeni rəhbərliyinə deyib.
Əvəzində isə Stalinə qarşı kin saxladılar və ilk fürsətdə onunla hesablaşdılar.
Həbsxanada Vasili xarrat işini öyrəndi. Bir müddət sonra onu ümumi kameradan tək nəfərlik kameraya keçirdilər. Onun dəfələrlə incidildiyi barədə söz-söhbətlər gəzsə də, Yevseyev iddia edir ki, məhbuslardan heç kim ona barmağı ilə belə toxunmamışdı.
Daha çox Stalin səhhəti ilə bağlı narahatlıq keçirirdi. Zamanla onun ayağı ilə bağlı problem kəskinləşmişdi – hətta gəzmək üçün xüsusi çubuq sifariş vermişdilər.
1960-cı ilin yanvarında amnistiyaya düşərək həbsxanadan çıxan Stalin bir neçə ay sonra yenidən həbs olundu (qısa müddətdə Nikita Xruşovla görüş və həmin vaxt SSRİ DTK-nın rəhbərinə inansaq içkili vəziyyətdə ölümcül qəza törədib).
Məlumdur ki, ikinci həbsindən əvvəl 1960-cı ilin aprelində Stalin marşal Kliment Voroşilovla görüşüb. Marşal kiçik Stalinə daha sakit yaşamağı, sərt açıqlamalardan və ictimai çıxışlardan imtina etməyi tövsiyə edib.
Özünə haqq qazandırmaq üçün Voroşilov Stalinə deyib ki, hazırda SSRİ-də heç bir nüfuza malik deyil. Buna görə keçmiş “stalinçilər” indi öz yerlərini bilməlidirlər və yeni partiya rəhbərlərini özündən çıxarmamalıdırlar.
Lakin bütün bu məsləhətlər kömək etmədi: Vasili Voroşilova özünü yaxşı aparacağı barədə söz vermədi.
“Lefortovo”da psixotrop maddə vururdular
Aprelin 15-də “enfant terrible” Çin səfirliyinə gedib. Sovet diplomatı Boris Kulik qeyd edirdi ki, İosif Stalinin adı ÇXR-də qulaqlarla yox, Çin şəhərlərini yapon aviasiyasından qoruyan sovet təyyarəçiləri, Mançjuriyanın yapon işğalçılarından azad edilməsi ilə assosiasiya edilirdi.
1960-cı ilin aprelində Çin və SSRİ arasında münasibətlər pozulmuşdu. Aprelin 22-də, Leninin doğum günündə, Çin lideri Mao Tzsedun revizionizmə qarşı dörd bəyanat vermişdi. Bundan sonra bir neçə ay ərzində kommunist iclaslarında Sovet-Çin toqquşmaları baş verdi. Nəticədə Pekin nümayişkaranə şəkildə Vladivostokun 100 illiyi yubileyində iştirakdan imtina etdi, Moskva isə ÇXR-də ölkənin inkişaf proqramında çalışan 1400 əməkdaşı geri çağırdı.
Bir vaxtlar dost olan iki ölkə rəsmi olaraq biri birinə qarşı ideoloji müharibəyə keçdilər. Bu səbəbdən Vasili Stalinin Çin səfirliyinə səfəri Nikita Xruşovu əsəbiləşdirdi. Məlum deyil Stalin Çinə qaçmaq istəyirdi və ya onun başqa niyyəti var idi.
Xruşovun göstərişi ilə Vasilinin amnistiyası ləğv olundu və onu həbsxanaya qaytardılar. Kapitolina Vasilyevanın sözlərinə görə, “Lefortovo”ya yerləşdirilən Stalinə psixotrop maddə vurmağa başladılar.
Bir ildən sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinə “gizli” qrifi ilə kiçik Stalinin həbsinin müddətinin başa çatması ilə bağlı məktub daxil oldu. Qeyd edilirdi ki, məhbus “düzəlməyib, özünü pis aparır, atasının dövründə olduğu kimi ayrı imtiyazlar tələb edir”. Partiya rəhbərliyinə bildirilib ki, Stalin öz xoşu ilə Moskvadan getməyəcək.
Vasili öz soyadından da imtina etməyib: o bildirib ki, əgər onun üçün müvafiq şərait yaradılmasa, “susmayacaq” və hamıya niyə həbs olunduğunu danışacaq. Bundan əlavə, Stalin Çin səfirliyinə yeni müraciət edəcəyini istisna etməyib. Bütün bunları nəzərə alan SSRİ rəhbərliyi Vasili Stalini beş il müddətinə sürgünə göndərməyi qərara alıb.
“Lefortovo” divarlarını Vasili 1961-ci ilin 28 aprelində tərk edib. 39 yaşlı Stalində ağır xəstəliklərin olduğunu nəzərə alan partiya rəhbərliyi ona sürgün olunacağı yeri özünün seçməsinə icazə verib. Yalnız Moskvada qalmağa və Gürcüstana getməyə icazə verilmirdi. Stalinin oğlu xaricilər üçün qapalı olan Kazan şəhərini seçdi.
Volqa sahillərinə Vasilini təhlükəsizlik xidmətinin üç zabiti gətirdi. Onunla birgə tibb bacısı Mariya Nuzberq də gəlmişdi və Stalinin hər addımı barədə çekistlərə məlumat verirdi. Stalin bu qadını hospitaldan tanıyırdı və ona qarşı hissləri var idi.
Qəribə təsadüf nəticəsində bir vaxtlar idmançılara mənzillər, evlər və maşınlar hədiyyə edən şəxs indi Tatarıstan SSR-də bir otaqlı mənzildə qalmağa məcbur idi. Tarixçi Alter Litvin qeyd edir ki, Stalin Kazanda çox sayda təyyarəçinin yaşadığı üçün bu şəhəri seçmişdi.
Vasili Kazanda Qaqarin küçəsində kərpic beşmərtəbədə 105 nömrəli evdə yerləşdirilmişdi. Hazırda həmin ünvanda olan bütün ağaclar məhz 1960-cı illərdə əkilib.
Kazan sakinlərinin əksəriyyətinin həyatı səma ilə bağlı idi: burada təyyarəçilər, mühəndis-konstruktorlar, ekipaj komandirləri, Qorbunov adına Kazan Aviasiya zavodu və Kazan Motor İnşaat İstehsalat Birliyinin işçiləri yaşayırdı. İkinci Dünya müharibəsində 26 döyüş uçuşu həyata keçirən və iki alman təyyarəsini vuran Vasili Stalin burada özünü doğma kimi hiss edirdi. Kimlərsə hətta onun rəhbərliyi altında xidmət etmişdi.
“İki ay keçdi, - 2011-ci ildə Kazan Aviasiya zavodunun sınaqçısı ehtiyatda olan polkovnik-leytenant Qriqori Balakin xatırlayır, - bir gün təyyarəçi Anatoli İsayev (həmin evdə beşinci mərtəbədə yaşayırdı) gəlib deyir ki, “Qardaşlar! Dünən Vaska Stalin gəlmişdi”, - “Yalan danışma”, – “Mən ciddi deyirəm”, – “Get burdan”. Və heç kim ona qulaq asmadı. Sonradan digər təyyarəçi Ənvər Kərimov deyir: “Uşaqlar, Vasili Stalin bizim bloka yaşayır. Ötən gün qonaq gəlmişdi, oturduq”. Kərimov müharibə vaxtı Stalinin diviziyasında xidmət edirdi.
DTK-nın sorğusunda Kərimov qeyd edib ki, Stalinlə dostluqlarından danışıblar və Vasili deyirdi ki, onu günahsız tutublar. O, təyyarəçilərin işi ilə maraqlanmırdı. “Pilotlar bir yerdə olanda təyyarələrdən daha çox qadınlardan danışırlar”, - Balakin deyir.
Stalini Kazanda cəmiyyət içində yalnız bir dəfə görüblər – Kərimovun dəfn mərasimində. Sonuncu Tu-16-nın havada yanacaq doldurması zamanı həlak olub. Balakinin sözlərinə görə, Stalin həmin gün belə deyib “Qoy kim nə istəyir desin, nə istəyir etsin, mən dostumu general formasında dəfn edəcəm”.
Stalini bomj kimi basıdırblar
Kazanda Stalinə soyadını Cuqaşvili və ya Alliluyevə dəyişdirməsini təklif ediblər. O uzun müddət imtina edirdi: “Mən Stalin doğulmuşam, Stalin də öləcəm”. Lakin sonra Vasili razılaşıb: beşinci mərtəbəyə yaralı ayaqla qalxmaq çox çətin idi, razılaşmaya görə isə ona yeni daha geniş və aşağı mərtəbədə yerləşən mənzil verməli idilər. Lakin hakimiyyət Stalini özünə itaət etdirə bilmədi. DTK-nın materiallarında 1961-ci ilin 13 yanvar tarixindən məktub qalıb – “Fliqer” Kazana gəldikdən sonra xəbərdarlıqlara baxmayaraq özü haqda geniş səs-soraq yaymağa başlayıb”. Çekistlərin məlumatına əsasən, Stalin öz bioqrafiyasını, 1953-cü ildə həbsini və məhbus həyatını hamıya danışırdı, qonşular, taksi sürücüləri və poçt işçiləri daxil olmaqla.
1962-ci ilin yanvar ayında Stalin və Mariya Nuzberq nikaha daxil oldular, baxmayaraq ki, bu hüquqi mümkün deyildi, çünki Vasili keçmiş həyat yoldaşlarının heç biri ilə rəsmi boşanmamışdı. Bununla belə o yeni arvadının uşaqlarını da övladlığa götürdü. Qızlar təyyarəçi və mühəndislərin uşaqları ilə birgə № 99 məktəbdə oxuyurdular. Nuzberq mütəmadi olaraq onları dərsə aparırdı. Digər məktəblilərin valideynlərinin sözlərinə görə, Nuzberq yaşıl-göy gözləri baxımlı qadın idi.
Cütlüyün sevinci uzun çəkmədi. Evlilikdən bir müddət sonra Vasili tez-tez huşunu itirməyə başladı və 20 gün sonra reanimasiyaya yerləşdirildi. Qriqori Balakinin sözlərinə görə, xəstə olarkən Stalinin çəkisi 50 kiloqram təşkil edirdi, bundan əlavə ürək və ağ ciyərləri ilə bağlı problemi var idi. Son gücləri ilə o balkona çıxaraq tənhalıqda uzaqlara baxırdı.
Martın 18-də Vasili Moskvaya ilk həyat yoldaşından olan qızı Qalinaya zəng edərək doğum gününə gəlməsini xahiş etdi. Nadejda (sonradan yazıçı Aleksandr Fadeyevlə ailə həyatı qursa da, Stalin soyadını daşıyırdı) Kazana Kapitolina Vasilyeva ilə birgə getdi, lakin atasını sağ tapmadı.
Martın 19-da general öldü. Stalinin cəsədi mənzilin ortasında iki stul üstündə döşəkağına bürünmüşdü.
“Nuzberqdən soruşdum: Vasili nədən öldü. Deyir, gürcülər gəldilər və bir çəllək çaxır gətirdilər, sonra öldü, - Kapitolina danışır. Çox pis idi, bir iynə vurdular, sonra ikincisi. Çevrilirdi, ağrıyırdı. Qan laxtalanması zamanı belə olur. Toksikozu isə iynə ilə müalicə etmirlər, insanın mədəsini yuyurlar. O, 12 saat əziyyət çəkdi, hətta təcili yardım çağırmadılar. Soruşuram niyə belə? Nuzberq deyir ki, özü tibb işçisidir və iynə vurub”.
Meyitin ekspertizası aparılıb sualına isə, Nuzberq təsdiq cavabı verdi və əlavə etdi ki, ekspertlər ölüm səbəbi kimi alkoqol intoksikasiyası fonunda ateroskleroza görə inkişaf edən kəskin ürək çatışmazlığını qeyd ediblər.
Həmin vaxt Stalinin keçmiş arvadı özü hər şeyi yoxlamağa qərara alıb. Gizlicə tabuta yaxınlaşıb və giteldə düymələri açıb. Mərhumun cəsədinin üzərində tikiş izləri görməyib. Dərhal otağa DTK işçiləri daxil olaraq “İcazəniz yoxdur!” deyə qışqırıblar.
Ümumilikdə, qohumlar rəsmi versiyaya inanmayıblar. Svetlana Alliluyeva deyirdi ki, onun qardaşını Kazanda sürgündə ölməyə tibb bacısı rolunda DTK-nın agenti olan Nuzberq kömək edib.
Dəfn mərasiminə 300 nəfər yaxın adam gəlmişdi - əsasən onun tanışları, və yaxın qonşuları. Böyük oğlu sonradan tanınmış rejissor olan Aleksandr Burdonski də gəlmişdi. Burdonski sonradan deyinirdi ki, atası hərbi ehtiram olmadan dəfn edilib: “Qəbiristanlıqda mən heç bir hərbçi görmədim. Sonradan gördüm ki, bir çox kişi tabuta yaxınlaşanda paltosunun ətəyini aralayırdı – başa düşdüm ki, onlar təyyarəçi və zabitlərdi və bununla mərhuma öz ehtiramlarını bildirirlər.
Kapitolina Vasilyevanın şahidliyinə görə, Stalini bomj kimi basdırıblar.
“Vasya öz mundirində idi, lakin hansısa qadın onu qara tüllə örtmüşdü. Mən bilmirdim nə edim, götürmək istədim, lakin alınmadı. Bu necə ola bilər! O döyüş zabiti olub!”, - Stalinin üçüncü həyat yoldaşı deyirdi.
Lubyankanın əmri ilə dəfn mərasiminin xərclərini DTK ödədi – 400 rubl. Abidə üçün qohumlar pul yığdılar. Stalinin ölümü qısa müddətdə ölkəyə yayıldı. Bildirilirdi ki, dəfn mərasimindən sonra gürcülər gəlib meyiti çıxarıb öz respublikalarında basdırmaq istəyiblər. Həmin vaxtlar daha bir konspiroloji versiyaya əsasən, Stalinin ölməmişdi və Çinə gedib aviasiya hissələrinin birində komandir olmuşdu.
Əslində Vasili Stalinin cəsədi 2003-cü ilə qədər Kazanda torpaq altında qalıb. Daha sonra onu Moskvaya Troyekurov qəbiristanlığına köçürüblər. Arsk qəbiristanlığında isə “Vasili İosifoviç Cuqaşvili” yazısı ilə qara mərmərdən abidə qalıb.
1999-cu ildə Vasili Stalindən antisovet təbliğatı və aqitasiyası ittihamları götürülüb