Türkiyədə “Çakır” adlı yeni qanadlı raket təqdim edilib. “Roketsan” şirkəti tərəfindən istehsal edilən və həm quru, həm hava, həm də dəniz platformalarından buraxıla bilən “Çakır” 150 kilometr uçuş məsafəsinə malikdir.
Buta.media-nın xəbərinə görə, yeni döyüş sürsatının təqdimatı “Roketsan” şirkətinin obyektlərinin birində Türkiyənin müdafiə sənayesi naziri İsmail Demirin iştirakı ilə baş verib.
“Çakır” raketi özütuşlanan başlıqla istənilən hava şəraitində hədəfi vurmağa imkan verəcək.
3,2 metr uzunluğunda və 300 kiloqram ağırlıqda olan raket Türkiyənin yerli istehsalı olan KTJ-175 turboreaktiv mühərrik ilə təchiz olunub.
“Çakır” raketinin yaxın zamanlarda kütləvi istehsalına başlayandan sonra Türkiyə Hərbi-Dəniz Qüvvələrinə təhvil veriləcəyi bildirilib.