Rusiya KİV Ukraynada ölən minlərlə RF hərbçisindən yazdı, lakin sonra məqaləni sildi

Ötən gün, martın 22-də Rusiyanın “Komsomolskaya pravda” nəşri Ukraynada həlak olan və yaralanan rusiyalı hərbçilərin sayı ilə bağlı məqalə yaymışdı.

Buta.media-nın xəbərinə görə, məqalənin müəllifi Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat verirdi ki, Ukraynada döyüşlərdə 9 861 hərbçi ölüb , 16 153 rusiyalı hərbi qulluqçu isə yaralanıb.

Bu barədə ilk məlumatı The Wall Street Journal nəşrinin xarici işlər üzrə müxbiri Yaroslav Trofimov öz Twitter hesabında yazıb. Jurnalist xatırladıb ki, Rusiya MN sonuncu dəfə martın 2-də itkiləri barədə rəsmi məlumat verib - 498 nəfər.

Jurnalistin sözünü “Bellingcat”in araşdırmaçısı Xristo Qrozev də təsdiqləyib. Daha sonra “Komsomolskaya pravda” artıq “təmizlənmiş” məqaləni yayıb - burada rəqəmlər orijinal yazıdakından xeyli az idi.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, Rusiya müharibə dövründə artıq 15 minə yaxın hərbçisini itirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ