Fevralında 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə Rusiya-Ukrayna müharibəsinə son qoyulması üzrə danışıqlar planlaşdırılıb. Bu barədə “Kommersant” qəzeti yazıb.
“Politico” fevralın 15-də yazıb ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının yüksək rütbəli məmurlarından ibarət bir qrup Ukrayna ilə bağlı sülh danışıqlarını hazırlamağa başlamaq üçün Səudiyyə Ərəbistanına gedib.
ABŞ prezidenti Donald Tramp fevralın 14-də Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Səudiyyə Ərəbistanında danışıqlar aparılacağını bildirib. Onun sözlərinə görə, danışıqlarda Rusiya, ABŞ və Ukrayna nümayəndələri iştirak edəcək.
“Politico”ya adının açıqlanmasını istəməyən bir ukraynalı rəsmi bildirib ki, Kiyev üçün Səudiyyə Ərəbistanında danışıqlar barədə xəbərlər sürpriz olub. Ukrayna nümayəndələri fevralın 16-da Səudiyyə Ərəbistanına işgüzar səfərə gediblər, lakin Ukrayna prezidentinin mətbuat xidmətindən bildirilib ki, müharibəni bitirmək planı hazırlanmayana qədər Rusiya tərəfi ilə görüşlər planlaşdırılmır. BBC yazır ki, Ukrayna nümayəndə heyəti dəvət olunmayıb, Kiyev isə Səudiyyə Ərəbistanına danışıqlar aparan şəxslər göndərməyib.
Ər-Riyad Donald Tramp və Vladimir Putinin gələcək görüşünün yeri kimi nəzərdən keçirilir. Görüşün fevralın sonunda baş tutacağı gözlənilir.