Azərbaycanlıların təxliyəsi ilə bağlı Moldovaya heyət ezam olundu

Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədən həmsərhəd ölkələrə üz tutmuş Azərbaycan vətəndaşları və onların digər ölkələrin vətəndaşları olan ailə üzvlərinin Azərbaycana təxliyə olunması istiqamətində davamlı tədbirlər görülür. 

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, indiyə qədər Rumıniyanın Buxarest və Yassı, Polşanın Katoviçe şəhərlərinə 12 çarter reysi və çoxlu sayda avtobus reysləri təşkil olunub. 

Ümumilikdə, 5000 nəfərdən çox vətəndaşımız və onların ailə üzvləri Azərbaycana təxliyə olunub. Ukraynadan Moldovaya digər həmsərhəd ölkələrlə müqayisədə dəfələrlə çox sayda vətəndaşımızın keçməsi ilə əlaqədar olaraq təxliyə işlərinin sistemli və nizamlı şəkildə həyata keçirilməsi, habelə onlara yerində dəstək göstərilməsi məqsədilə Azərbaycan Prezidentinin göstərişi ilə Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin 17 nəfər əməkdaşından ibarət heyət martın 7-də Kişineu şəhərinə ezam olunub.

Azərbaycanın Moldovadakı Səfirliyi və qeyd olunan dövlət orqanlarının nümayəndələrindən ibarət yaradılmış müvəqqəti əlaqələndirmə mərkəzi işə başlayıb. Əlaqələndirmə mərkəzi tərəfindən Ukraynadan sərhədi keçərək Moldovanın müxtəlif yerlərində toplanmış vətəndaşlarımızın siyahıları tərtib olunur, onlarla səfirlikdə və yerlərdə görüşlər keçirilir və ehtiyacları qiymətləndirilir, tibbi və digər yardımların göstərilməsi təmin olunur, vətənə qayıtmaq üçün sənədlər hazırlanır və çatışmayan səyahət sənədləri bərpa olunur, Azərbaycan dövləti tərəfindən göndərilən təxliyə çarter reysləri və avtobuslarla vətənə yola salınması təmin olunur.

XİN-in məlumatında qeyd olunur ki, dünyada mövcud olan təcrübəyə uyğun olaraq təxliyə prosesində əsas prioritet uşaq, qadın, ahıl və əlillərə verilir.

Azərbaycan Prezidentinin göstərişi ilə növbəti belə əlaqələndirmə qərargahı Polşada yaradılacaq. Bu məqsədlə martın 9-da qeyd olunan qurumların nümayəndələrindən ibarət heyət Polşanın Varşava və Katoviçe şəhərlərinə ezam olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ