ABŞ dövlət katibi Marko Rubio mövcud xarici yardım qrantlarının əksəriyyətini 90 gün müddətinə dayandıran sərəncam imzalayıb. Bu barədə müvafiq sənədi əldə edən “Politico” məlumat yayıb.
Sənəd bütün diplomatik və konsulluq nümayəndəliklərinə göndərilib.
“Politico” qeyd edir ki, Dövlət Departamentinin qərarı prezident Donald Trampın ABŞ-ın digər ölkələrə yardım proqramlarını müvəqqəti dayandırmaq barədə sərəncamından sonra qəbul olunub. Bu qərarın Ukraynaya təsir edib-etməyəcəyi hələlik bəlli deyil Eyni zamanda, nəşr yazır ki, Rubionun göstərişi “Dövlət Departamenti rəsmilərini şoka salıb” və yəqin ki, Ukraynaya yardımın maliyyələşdirilməsinə aiddir.
Sənəddə istisnalar nəzərdə tutulur. Belə ki, Misir və İsrailə hərbi dəstək davam edəcək. Digər ölkələrə təcili ərzaq yardımına da icazə verilir.
Rubionun sərəncamı haqqında “Reuters” də yazıb. Agentlik qeyd edir ki, sənəddə Misir və İsraildən başqa heç bir ölkənin adı yoxdur. “Reuters” agentliyinin ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) mənbəsi bildirib ki, Ukraynaya cavabdeh olan əməkdaşlara işlərini dayandırmaq əmri verilib. Onun sözlərinə görə, dondurulmuş layihələrə məktəblərə dəstək və səhiyyə sahəsində yardım daxildir.
Sənədə əsasən, bütün yardım sahələrinin davam etdirilməsi və ya dayandırılması ilə bağlı qərarlar Dövlət Departamenti tərəfindən yaxın üç ay ərzində baş tutacaq yoxlamadan sonra veriləcək.
“Amerikanın səsi”nin Ukrayna xidmətinin müxbiri Ostap Yarışın sözlərinə görə, Pentaqondan ona bildirilib ki, Ukraynaya yardım proqramlarını dayandırmaq üçün yeni göstərişlər alınmayıb. Onun həmsöhbətləri Rubionun sərəncamının Xarici Hərbi Maliyyələşdirmə (FMF) proqramına təsir edəcəyini deyirlər. Keçən il Konqres bunun üçün 1,6 milyard dollar ayırmışdı və may ayına qədər bu vəsait artıq xərclənmişdi. Ukraynaya silah istehsalı və tədarükünün həyata keçirildiyi digər proqramlar dəyişməz olaraq qalır.