Tramp Rusiya-Ukrayna müharibəsini bitirmək üçün neftin qiymətini aşağı salmaq istəyir

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı və OPEC ölkələrindən neftin qiymətini aşağı salmağı xahiş edəcəyini bildirib. Onun fikrincə, bu, Rusiya-Ukrayna müharibəsinin “dərhal” başa çatmasına kömək edəcək. Tramp bunu Davosda keçirilən iqtisadi forumda deyib.

“Mən Səudiyyə Ərəbistanı və OPEC-dən də neftin qiymətini aşağı salmağı xahiş edəcəm. Əgər qiymət aşağı düşsə, Rusiya və Ukrayna arasında müharibə dərhal dayandırılacaq”, - Tramp bildirib.

Tramp həmçinin bildirib ki, Ukraynada müharibəyə son qoymaq üçün tezliklə Rusiya prezidenti Vladimir Putinlə görüşmək istəyir.

“Mən bu müharibəyə son qoymaq üçün tezliklə prezident Putinlə görüşmək istərdim. Bu görüş iqtisadi münasibətlər və ya başqa bir şey baxımından deyil. Bu, milyonlarla həyatın boşa getməsi nöqteyi-nəzərindəndir”, “The Guardian” onun sözlərindən sitat gətirir.

Jurnalistlər Trampdan gələn il sammitdə yenidən çıxış edənə qədər Rusiya və Ukraynanın sülh razılaşmasına nail olacağına inanıb-inanmadığı da soruşublar.

“Bunu Rusiyadan soruşmalı olacaqsınız, Ukrayna razılaşmaya hazırdır”, ABŞ prezidenti cavab verib.

  • Yanvarın 22-də Tramp Ukrayna ilə tezliklə sülh razılaşması əldə olunmasa, Rusiyanın ABŞ və digər ölkələrə satdığı hər şeyə sanksiyalar, yüksək vergilər və tariflər tətbiq edəcəyini bildirib. Rusiya-Ukrayna müharibəsinə dərhal son qoymağa çağıran Tramp yazıb ki, o, prezident Putinə və “iqtisadiyyatı çökməkdə olan” Rusiyaya “çox böyük yaxşılıq” etmək niyyətindədir.

 

  • Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Amerika prezidentinin təhdidlərində yeni heç nə görmür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ