İran Ali Məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin edamına dair qərarı təsdiqləyib.
Bu barədə Tehranda keçirilən mətbuat konfransında İranın məhkəmə sisteminin nümayəndəsi Əsgər Cahangir deyib.
Onun sözlərinə görə, cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
“Məhkəmə qurbanların yaxınlarını dəvət edəcək. Zərərçəkmişlər hücum edənin edamını tələb edərlərsə, cinayət işi icraat üçün müvafiq quruma göndəriləcək”, deyə o əlavə edib.
Xatırladaq ki, 2023-cü il yanvarın 27-də səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb.
Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub. Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb.