Panamanın BMT-dəki səfiri Eloy Alfaro de Alba təşkilatın baş katibi Antonio Quterreşə məktub ünvanlayıb. Səfir məktubunda ABŞ prezidenti Donald Trampın Panama kanalına nəzarəti bərpa etmək planları ilə bağlı açıqlamalarına diqqət çəkib.
Alba qeyd edib ki, BMT Nizamnaməsinə uyğun olaraq, ölkələr “öz beynəlxalq münasibətlərində hər hansı dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmək təhlükəsindən çəkinməlidirlər”.
Məktub BMT Təhlükəsizlik Şurasının 15 üzvünə paylanılıb.
Dekabrın sonunda Tramp bildirib ki, ABŞ 1999-cu ildə Panamaya təhvil verdiyi Panama kanalına nəzarəti bərpa edə bilər. ABŞ prezidentinin sözlərinə görə, Panama kanaldan istifadəyə görə həddindən artıq yüksək tariflər müəyyən edib və Çin kanalın iş rejiminə öz təsirini göstərir. Tramp söz verib ki, kanalın “səhv əllərə” keçməsinə imkan verməyəcək.
Donald Tramp yanvarın 20-də inauqurasiya zamanı çıxışında kanalın Panamaya verilməsini “axmaq hədiyyə” adlandırıb. Onun fikrincə, Panama kanalına Çin “nəzarət edir”.
Panama kanalı Sakit okeanda Panama körfəzini Karib dənizi və Atlantik okeanı ilə birləşdirir. Kanal Panama əyalətinin ərazisində Panama Körfəzində yerləşir. Panama kanalına qlobal dəniz ticarətinin 2,5%-i düşür və hər il bu kanaldan 14 000-ə qədər gəmi keçir. Panama Kanalı Asiyadan ABŞ-a avtomobil və digər ticarət mallarının idxalı və təbii qaz da daxil olmaqla Amerika mallarının ixracı üçün vacibdir. “Reuters”in qeyd etdiyi kimi, Çin kanala nəzarət etmir, lakin Honq-Konqun “CK Hutchison Holdings”in törəmə şirkəti kanalın girişlərində yerləşən iki limanı idarə edir.