Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin “İstanbul razılaşmaları”na qayıtmaq niyyəti ilə bağlı açıqlamalarına münasibət bildirib. Zelenskinin sözlərinə görə, söhbət danışıqlardan yox, ultimatumdan və kapitulyasiya tələbindən gedir.
“İstanbuldakı məsləhətləşmələr Rusiya Federasiyasının Ukraynanı təslim olmağa məcbur etmək cəhdidir. Bu danışıqlar çərçivəsində Ukrayna dövləti dəfələrlə hakimiyyətin dəyişdirilməsi, Donbasın Rusiya ərazisi kimi “tanınması”, neytrallıq haqqında “tələblər” və digər ultimatumlar eiştdi.
Türkiyə danışıqları yoxdur, çünki mən prezidentəm, danışıqlar aparan mənəm, Rusiyada isə həmin şəxs - Putindir. Mən Putinlə Türkiyədə heç vaxt görüşməmişəm”, deyə Ukrayna lideri bildirib.
Onun sözlərinə görə, Rusiyanın tələblərindən biri Kiyevdə rusiyayönlü Viktor Medvedçukun hakimiyyətə gəlməsi olub.
“Onlar (Rusiya) dedilər ki, mən kənara çəkilməliyəm, məni rusiyapərəst Medvedçuku ilə əvəz edəcəklər. Deməli, mən artıq prezident deyiləm. Mənim üçün problem deyil, xalqımız səs verəcək. Demək istəyirəm ki, məqsəd bu deyil.
Bütün Donbasın Rusiya ərazisi olduğunu etiraf etməliyik. Sonra biz rus dilini tanımalıyıq, səs verməliyik və Konstitusiyamızı dəyişməliyik ki, neytral statusumuz olsun, ordunu 50 minə nəfərə qədər azaltmalıyıq. Sonra bütün silahlardan, artilleriyadan, cəbhə xəttindən 20 km-ə qədər hər şeydən əl çəkməliyik, məhv edib onlara verməliyik. Ona görə də heç vaxt danışıqlar olmayıb, bu, qatilin ultimatumudur”, deyə Zelenski izah edib.
Ukrayna lideri onu da açıqlayıb ki, Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən də müəyyən təşəbbüs olub, lakin Kreml təkrar ultimatum verib.
“Sonra Türkiyədə danışıqları təşkil etmək istədilər və (Türkiyə) prezident Rəcəb Tayyib Ərdoğan məndən xahiş etdi: “Xahiş edirəm, oturub danışsınlar”. “Yaxşı, istəsən danışarlar” dedim. Gəlib yenə ultimatum qoydular. Beləliklə, biz hər hansı danışıqlar apardığımızı deyə bilmərik, çünki hər dəfə Putindən ultimatumlar olub”, deyə Zelenski vurğulayıb.