ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlardan imtina edəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini bildirib. Tramp sanksiyalarla bağlı hər hansı təfərrüat açıqlamayıb.
“Biz [Ukrayna prezidenti Vladimir] Zelenski ilə danışırıq, çox yaxında prezident Putinlə danışacağıq”, “Reuters” Trampın sözlərini sitat gətirib.
ABŞ prezidenti Putinlə “yaxın vaxtlarda” danışıqlar aparacağına ümid etdiyini bildirib. Rusiya prezidenti ilə görüşdən danışan Tramp istədiyi vaxt danışıqlara hazır olduğunu qedy edib.
Tramp çıxışı zamanı bir daha bəyan edib ki, əgər prezident qalsaydı, Rusiya heç vaxt Ukraynaya hücum etməzdi.
“Biz Putinlə bir-birimizi çox yaxşı başa düşürdük. Bu heç vaxt, heç vaxt baş verməzdi. O, [Co] Baydenə hörmətsizlik etdi. Çox sadə. O, insanlara hörmət etmir. O, ağıllıdır. O anlayır. O, Baydenə hörmət etmir”, Tramp deyib.
ABŞ prezidenti əlavə edib ki, onun administrasiyası Ukraynaya silah göndərməyi araşdırır. Tramp həmçinin bildirib ki, Avropa İttifaqı Ukraynanı dəstəkləmək üçün daha çox iş görməlidir.
O həmçinin qeyd edib ki, Si Cinpinə Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün “təzyiq” edib, lakin Çin lideri “müharibəni dayandırmaq üçün çox güc sərf etməyib”.
“Onun da bizim kimi çox gücü var. Mən dedim ki, “siz bunu həll etməlisiniz”, Tramp Çin lideri ilə söhbətindən danışıb.
Donald Tramp prezident kimi fəaliyyətə başlamazdan əvvəl onun administrasiyası Vladimir Putinlə danışıqlara hazırlaşmağa başlayıb. Danışıqların harada və nə vaxt aparılacağı hələlik məlum deyil. Bundan əvvəl İsveçrə və Serbiya ABŞ və Rusiya prezidentlərini qəbul etməyə hazır olduqlarını bildiriblər.
Donald Tramp bundan əvvəl Vladimir Putini “ağıllı” adlandırmışdı. 2016-cı il prezident seçkilərində qələbəsindən qısa müddət sonra Tramp Putini Obama administrasiyasının Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinə görə tətbiq etdiyi sanksiyalara cavab vermədiyinə görə tərifləyib. Tramp daha sonra Putini “çox ağıllı” adlandırıb.