Yoxsulluq və bərabərsizliklə mübarizə üzrə ixtisaslaşmış beynəlxalq qeyri-kommersiya təşkilatı “Oxfam” dollar milyarderlərinin sərvətinin necə artdığı, onların əmanətlərinin hansı mənbələrdən yığıldığını və yoxsullarla zənginlər arasındakı uçurumla bağlı hesabat yayıb. Buta.media hesabatdan ən maraqlı faktları təqdim edir və təşkilatın bərabərsizliyin azaldılması ilə bağlı təkliflərindən danışır.
“Oxfam” hesabatından əsas məqamlar
Milyarderlər haqqında
◾ 2024-cü ildə dünya üzrə milyarderlərin sərvəti 2023-cü ilə nisbətən üç dəfə sürətlə artıb. Və 15 trilyon dollara çatıb.
◾ Son bir ildə dünyada milyarderlərin sayı 204 nəfər artıb (2565 nəfərdən 2769 nəfərə). Bu, həftədə təxminən dörd yeni milyarder deməkdir.
◾ Hər milyarderin sərvəti gündə orta hesabla 2 milyon dollar, ən zəngin 10 milyarderin sərvəti isə gündə 100 milyon dollar artıb. Əgər onlar sərvətlərinin 99%-ni itirsələr belə yenə də milyarder qalacaqlar
Trilyonçular haqqında
◾ Bir il əvvəl “Oxfam” 10 il ərzində dünyada ilk trilyonçunun olacağını proqnozlaşdırmışdı. Lakin ən varlı insanların sərvəti bu cür sürətlə artmağa davam edərsə, 10 ildən sonra dünyada bir yox, beş trilyonçu olacaq.
◾ Dünyanın ən zəngin insanlarının ilk trilyonçu olmaq şansı daha yüksəkdir: “Tesla” və “Space X”in baş direktoru İlon Mask, “Amazon” şirkətinin qurucusu Ceff Bezos, “Meta”nın təsisçisi Mark Zukerberq, “Oracle”ın şirkətinin qurucusu Larri Ellison və LVMH-nin baş direktoru Bernard Arno ailəsi ilə birgə.
◾ Hazırda onların hər birinin sərvəti 180 (Bernard Arnault) - 400 (Elon Musk) milyard dollar arasında qiymətləndirilir. Mask çox güman ki, trilyona çatan ilk şəxs olacaq. “Oxfam” hesab edir ki, bunu etmək üçün ona beş ildən az vaxt lazımdır.
Ən zəngin insaların sərvətinin mənbələri haqqında
◾ “Oxfam”ın məlumatına görə, dünya üzrə milyarderlərin sərvətinin 36%-i irsi, 18%-i müəyyən bir sahədə inhisarın, 6%-i isə hakimiyyət orqanları ilə əlaqələrinin nəticəsidir.
◾ Yaşı 30-dan aşağı olan bütün dünya milyarderləri sərvətlərini miras alıblar. Ən çox miras qalan sərvətə malik region Latın Amerikasıdır.
Dünyadakı bərabərsizlik haqqında
◾ 1820-ci ildə dünyanın ən zəngin 10%-nin gəliri ən yoxsul 50%-nin gəlirindən 18 dəfə çox idi. 2020-ci ildə bu rəqəm artıq 38-ə çatıb.
◾ Təxminən 3,6 milyard insan (dünya əhalisinin 44%-i) gündə 6,85 dollardan az pulla yaşayır. Onların sayı 1990-cı ildən bəri demək olar ki, dəyişməz qalıb.
◾ 2017-ci ildə dünya üzrə dövlət başçılarının 39%-i Böyük Britaniya, ABŞ və ya Fransa universitetlərində təhsil alıb.
Qlobal Cənub ölkələri haqqında
◾ Eyni bacarıqları tələb edən iş üçün qlobal Cənubda insanlar qlobal Şimaldan 87-95% az maaş alırlar.
◾ Aşağı və orta gəlirli ölkələr büdcələrinin orta hesabla 48%-ni borcların ödənilməsinə xərcləyirlər.
◾ 1970-ci ildən 2023-cü ilə qədər Qlobal Cənub ölkələri Qlobal Şimaldakı kreditorlara 3,3 trilyon dollar faiz ödəyib.
“Oxfam” nə təklif edir?
“Oxfam İnternational”ın icraçı direktoru Amitabh Behar bildirib ki, “qlobal iqtisadiyyatın imtiyazlı bir azlıq tərəfindən ələ keçirilməsi bir vaxtlar ağlasığmaz hesab edilən səviyyəyə çatıb”.
O, var-dövlətin artması ilə yanaşı, zənginlərin güclərini də artırdığını vurğulayıb.
“Bu oliqarxiyanın tacı, dünyanın ən varlı adamı, dünyanın ən böyük iqtisadiyyatını idarə edən İlon Mask tərəfindən dəstəklənən və satın alınan milyarder prezidentdir [Donald Tramp]”, Behar əlavə edib.
Sərvətin artan konsentrasiyasına qarşı çıxmaq və bərabərsizliyi azaltmaq üçün “Oxfam” bir sıra tədbirlər təklif edir. Birincisi, ən zəngin insanlar üçün miras vergisi tətbiq etmək və onlar üçün digər vergiləri artırmaq. İkincisi, əhalinin ən zəngin 10%-nin gəlirinin ən yoxsul 40%-nin gəlirindən çox olmamasına əmin olmaq (“Oxfam”a görə, hökumətlər və beynəlxalq təşkilatlar buna nəzarət etməlidir). Üçüncüsü, keçmiş müstəmləkə olan ölkələrə təzminat ödəmək və bu ödənişlərin yükünü “müstəmləkəçilikdən ən çox faydalanan zənginlərin” üzərinə qoymaq.