“SpaceX” və “Tesla”nın təsisçisi İlon Mask Donald Trampın andiçmə mərasimindən sonra qısa nitq söyləyib və iki dəfə nasist salamına bənzər jest göstərib.
“Bu seçki həqiqətən vacibdir. Mən sadəcə bunu mümkün etdiyiniz üçün sizə təşəkkür etmək istəyirəm. Təşəkkür edirəm. Ürəyim sizlərlədir. Sizin sayənizdə sivilizasiyanın gələcəyi təmin olunub”, İlon Mask Vaşinqtondakı “Capital One Arena” səhnəsində deyib.
Qısa çıxışı zamanı Mask sağ əlini sinəsinin üstünə qoyub və kəskin jestlə yuxarıya atıb. Daha sonra eyni jesti təkrarlayıb.
CNN-in aparıcısı Erin Bernett Maskın salamını “qəribə” adlandırıb. İsrail mediası onun jestini (1,2) “faşist salamı” adlandırıb. İlon Mask isə özü çıxışının tam videosunu heç bir şərh vermədən X sosial media hesabında yerləşdirib.