Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Ukraynadakı “xüsusi əməliyyatın” Donbasdan kənara çıxması barədə qərar düzgündür.
Buta.media-nın xəbərinə görə, Putin bu barədə Rusiya aviaşirkətlərinin qadın işçiləri ilə görüşü zamanı deyib.
Rusiya lideri bildirib ki, əgər RF Silahlı Qüvvələri “xüsusi əməliyyatı” yalnız Donbasda keçirsə və ordu təmas xəttinə çıxsa idi, Ukrayna qüvvələri Qərbdən daimi resurslar alacaqdı.
Putinin sözlərinə görə, Ukrayna ordusunun artıq bütün hərbi infrastrukturu məhv edilib, HHM sistemlərinin sıradan çıxarılması demək olar ki, bitib.
Rusiya prezidenti həmçinin qeyd edib ki, NATO-nun Ukraynadakı müharibəyə mümkün müdaxiləsinin nəticəsi hər kəsə məlumdur.
“Ukraynanın NATO-ya daxil edilməsi barədə daha aktiv danışmağa başladılar. Siz bilirsiniz bu nə ilə nəticələnəcəkdir? Və ya nəticələnə bilər? Əgər bu NATO-ya üzv ölkədirsə, hərbi münaqişə zamanı alyansın digər ölkələri onu dəstəkləməlidirlər. Bunun nəticəsi hər kəsə aydındır? Hesab edirəm ki, hamı başa düşdü”, - Rusiya prezidenti əlavə edib.
Putin həmçinin bəyan edib ki, Ukraynaya neytral status ölkənin NATO-ya üzv olmaması üçün lazımdır. Rusiya prezidenti qeyd edib ki, digər ölkələrin Ukrayna hava məkanının qapadılması ilə bağlı cəhdləri hərbi müanqişədə iştirak kimi qiymətləndirəcək.
RF lideri çıxışının sonunda ümid etdiyini bildirib ki, Ukrayna tərəfi Belarusdakı danışıqlarda Rusiyanın təkliflərini müsbət qiymətləndirəcək.