Gürcüstanda 160-dan çox şirkət “xəbərdarlıq” tətilinə başlayıb və üç saatlıq işini dayandırıb. Onların arasında PSP apteklər şəbəkəsi, “Fabrika” məkanındakı müəssisələr və “Fresco” ərzaq şəbəkəsi var. Tətildə müxtəlif şirkətlərin ayrı-ayrı işçiləri də iştirak edir - məsələn, Gürcüstanın ən böyük bankları olan “Bank of Georgia” və TBC bu aksiyada iştirak etmək istəyən işçilərinə müdaxilə etməyəcəklərini bəyan ediblər.
Aksiya iştirakçıları afişalarla küçələrə çıxıblar. Onların fotoşəkilləri Gürcüstanın müstəqil Mtavari telekanalının Facebook səhifəsində və yerli Telegram kanallarında dərc olunub.
Tətil hakim “Gürcü Arzusu” partiyasının siyasəti ilə razılaşmadığını göstərmək və “ölkəni təcrid olunmuş vəziyyətdə nələrin gözlədiyini – iqtisadi durğunluq, bağlanmış müəssisələr, yoxsulluq və işsizlik”i göstərmək məqsədi daşıyır.
Tbilisidə etirazçılar Çavçavadze prospektini bağlayıblar; tətil bitdikdən sonra təşkilatçılar insanları Rustaveli prospektindəki parlament binasının qarşısına toplaşmağa çağırıblar.
Tətilçilərin əsas tələbləri ölkə parlamentinə yeni seçkilərin keçirilməsi və əvvəlki etiraz aksiyaları zamanı saxlanılan və həbs olunanların azadlığa buraxılmasıdır.
Gürcüstanda etirazlar 48 gündür ki, davam edir. Aksiyalar ölkənin baş naziri İrakli Kobaxidzenin Gürcüstanın 2028-ci ilə qədər Aİ-yə daxil olması ilə bağlı danışıqların “dondurulduğunu” elan etməsindən sonra başlayıb.
2024-cü ilin oktyabrında Gürcüstanda parlament seçkiləri keçirilib. Rəsmi məlumata görə, hakim rusiyayönlü “Gürcü arzusu” partiyası 53,93% səslə qalib gəlib. Müxalifət partiyasının namizədləri səsvermənin nəticələrinin saxtalaşdırıldığına hesab etdikləri üçün mandatlarından imtina ediblər.