Təxminən 13 milyon əhalisi olan Los-Anceles metropoliteni də daxil olmaqla Cənubi Kaliforniyanın çox hissəsi yanvarın 7-dən bəri yanğınlara qərq olub. Artıq 10 nəfərin öldüyü, 180 minə yaxın insanın təxliyə zonasında olduğu məlumdur. Bir neçə prestikli ərazi, o cümlədən bir çox məşhurun evi yanıb. Yanğın Hollivud təpələrinə çatıb və Los-Ancelesin əsas görməli yerlərinə - Hollivud işarəsini, Sanset Bulvarını və Şöhrət Xiyabanına yaxınlaşır. Kaliforniyada yanğınlar nadir deyil, lakin illərdir bu qədər dağıdıcı olmayıb. Bir neçə vəziyyət üst-üstə düşüb və “mükəmməl fırtına” baş verib.
Quraqlıq
Hazırda Kaliforniyada əslində yağışlar mövsümdür. Lakin 2024-cü ilin yazından bəri demək olar ki, yağış yağmayıb.
Yanvarın 9-da “Nature” elmi jurnalında dərc edilmiş bir qrup amerikalı klimatoloqun məqaləsində deyilir ki, adi mövsümiliyin pozulması iqlim dəyişikliyinin nəticəsidir. Kaliforniyada bir neçə ildir quru hava hökm sürür. 2022 və 2023-cü illərdə çoxlu yağışlar yağıb. Bu, otların, kolların və ağacların sürətlə böyüməsinə kömək edib. Sonra isə quru 2024-cü il gəlib - bütün bitki örtüyü quruyub və yanğınlar üçün ideal şərait yaranıb.
Külək
2025-ci ilin yanvarında xüsusi təbiət hadisəsi baş verib: Santa-Ana küləyi. Bu, katabatik və ya düşən küləkdir: yüksək dağlıq ərazilərdən şəhərlərin yerləşdiyi vadilərə əsir və səhradan isti, quru hava, eləcə də toz gətirir.
Santa-Ana küləkləri dekabr və yanvar aylarında tez-tez olur və meşə yanğınlarını gücləndirir. Külək bu dəfə daha güclü olub - bəzi yerlərdə saniyədə 45 metrə qədər (bu, Amerika Milli Qasırğa Mərkəzinin təsnifatına görə beş kateqoriyadan ikincisinə uyğundur).
Külək hələ də səngiməyib ki, bu da yanğınların qarşısının alınmasını xeyli çətinləşdirir.
Yanğınsöndürmə xidmətinin uğursuzluğu
Los-Anceles yanğınsöndürmə idarəsinin fövqəladə vəziyyətə hazır olmaması artıq siyasi spekulyasiyaların mövzusuna çevrilib. Məsələ o yerə qədər çatıb ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp baş verənləri işçi qüvvəsində sosial müxtəlifliyin təmin edilməsinə yönəlmiş kadr siyasətini günahlandırır. İddialara görə, səriştəli adamların əvəzinə kvotalara uyğun olaraq müxtəlif irqi, cinsi və cinsi kimliklərin nümayəndələrini işə götürürlər, nəticədə işləməyə adam tapılmır.
Bundan əlavə, bir çoxları – təkcə Tramp tərəfdarları deyil – Los-Anceles meri Karen Bassı şəhərin yanğınsöndürmə idarəsinin büdcəsini 23 milyon dollar azaltdığına görə qınayırlar.
Bu isə ədalətli deyil. 2024-cü ilin iyununda büdcə təsdiqlənəndə meriya yanğınsöndürənlər həmkarlar ittifaqı ilə maaşların artırılması ilə bağlı danışıqları hələ başa çatdırmamışdı. Daha sonra, noyabr ayında departament ehtiyat fondlarından əlavə pul alıb. Bununla da, qurumun 2025-ci il büdcəsi əvvəlki ilə nisbətən faktiki olaraq 53 milyon dollar çox olub.
Lakin bu məbləğ belə kifayət deyildi. Departamentin rəhbəri Kristin Krouli son bir neçə ayı bələdiyyə başçısına memorandumlar göndərməklə, uzun quraqlıqdan sonra baş verəcək yanğınları təxmin edərək, idarəsinin ağır vəziyyətini təsvir edib. Departamentin ştat cədvəli və avadanlıqları (yanğınsöndürmə stansiyaları daxil olmaqla) 1960-cı illərdən çox az dəyişib, hətta Los-Ancelesin əhalisi bir milyon, zənglərin sayı isə beş dəfə artıb. Yanğınsöndürənlərə vəziyyəti düzəltmək üçün təkcə pul yox, həm də vaxt lazım idi.