Gürcüstanda yanvarın 5-də Svaneti bölgəsində qaçırılan rusiyalı turistin meyiti Nakra çayında tapılıb. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi bəyanat yayıb.
Bildirilir ki, Rusiyadan olan Viktor və Alina yanvarın 5-nə keçən gecə Zuqdidi şəhərindən Mestia kəndinə doğru yola düşüblər. Alinanın sözlərinə görə, yolda qar yağmağa başlayıb, onlar şəkil çəkdirmək üçün maşından düşüblər. Onların yanında “Subaru” avtomobili keçən bir neçə nəfər cütlüyün köməyə ehtiyacı olub-olmadığını soruşublar. Tezliklə Alina və Viktor bu avtomobillə yenidən qarşılaşıblar.
“Sonra biz onları ötdük, yolun kənarında dayanmışdılar. Yolda bir avtomobillə qarşılaşdıq, qarda qalmışdı və Vitya onu trosla çıxmasına kömək etdi. Bu zaman ağ rəngli “Subaru” yenidən yanımızdan keçdi, lakin bu dəfə saxlamadı. Yolumuza davam etdik. Daha sonra “Subaru”nu yenidən yolun ortasında gördük. Dayanmışdılar. Vitya onların yolun ortasında dayandıqlarını uzaqdan görəndə ona bıçaq verməyi xahiş etdi. Avtomobildən çölə çıxdı və onlardan nə baş verdiyini soruşdu. Ondan nasos istədilər. Vitya nasosu verdi. Sonra onların arasında mübahisə başladı”, - Alina deyib.
Alina bildirib ki, o, naməlum şəxslərin “Niyə tuneldə dayandın, niyə bizim şəklimizi çəkdilər?” dediyini eşidib. Qadın həmçinin iki atəş səsi eşitdiyini deyib. Nəticədə naməlum şəxslər Viktoru öz avtomobilinə mindirib aparıblar.
Yanvarın 6-da axşam saatlarında Gürcüstanın Daxili İşlər Nazirliyi iki şübhəlinin saxlandığını elan edib. İstintaqın məlumatına görə, onlar yanvarın 5-də iki əcnəbi vətəndaşı qarət edərək mobil telefonlarını alıblar. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, turistlərdən biri, 1986-cı il təvəllüdlü kişi qanunsuz olaraq azadlıqdan məhrum edilib və oğrular tərəfindən güllələnib. Polis şübhəlilərdən birinin cinayəti ört-basdır etmək üçün meyiti çaya atdığını güman edir.