“Axios”: Bayden İranın nüvə obyektlərinə zərbə endirmək imkanını müzakirə edib

Co Baydenin milli təhlükəsizlik komandası ABŞ prezidentinə Tehranın yanvarın 20-dən əvvəl nüvə silahı hazırlamaq üçün addımlar atacağı təqdirdə İranın nüvə obyektlərinə potensial hücum variantları təqdim edib.

Bu barədə “Axios” üç mənbəyə istinadən yazıb.

Mənbələr bildirir ki, Baydenin məsləhətçisi Ceyk Sallivanın rəhbərlik etdiyi milli təhlükəsizlik komandası ilə görüşü təxminən bir ay əvvəl baş tutub. Baydenin bəzi köməkçiləri, o cümlədən Sallivanın özü qeyd ediblər ki, İranın və onun müvəkkillərinin hava hücumundan müdafiə və raket imkanlarının zəifləməsi ABŞ-ın uğurlu zərbə şansını artıracaq, eyni zamanda cavab tədbirləri və regional eskalasiya riskini azaldacaq.

Bununla belə, amerikalı məmur iddia edir ki, görüşün özü yeni kəşfiyyat məlumatları ilə bağlı deyildi və İranın Baydenin səlahiyyət müddəti bitməmiş nüvə proqramını gücləndirmək üçün addımlar atacağı təqdirdə ABŞ-ın hərəkətlərinin müzakirəsinin bir hissəsi olub. “Axios”un digər mənbəsi deyir ki, Ağ Evdə ABŞ-ın İranın nüvə obyektlərinə qarşı mümkün hərbi əməliyyatları ilə bağlı aktiv müzakirələr aparılmır. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Bayden nə görüş zamanı, nə də ondan sonra İrana zərbə endirilməsinə razı olmayıb.

“Axios” qeyd edir ki, keçid dövründə İranın nüvə obyektlərinə hücum etmək prezident üçün böyük risk olardı. Bir tərəfdən Bayden İranın nüvə silahı yaratmasına icazə verməyəcəyinə söz verib, digər tərəfdən isə Trampın administrasiyasına yeni münaqişə yaratmış olacaqdı.

“Axios” yazır ki, Baydenin son dövründə İranın nüvə proqramı “əhəmiyyətli dərəcədə inkişaf edib”. 2023-cü il dekabrın sonunda Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın zənginləşdirilmiş uranın istehsal sürətini 60%-ə qədər artırdığını bildirib (nüvə silahının istehsalı üçün 90%-ə qədər və daha yüksək zənginləşdirilmiş uranın olması tələb olunur). Həmin vaxt Ceyk Sallivan qeyd edib ki, son bir ildə İrana və onu dəstəkləyən silahlı qruplara dəymiş ziyan Tehranı nüvə silahı yaratmağa sövq edə bilər. 2024-cü ilin yazında Bayden administrasiyası İrana nüvə tədqiqatları ilə bağlı “ciddi narahatlıqlarını” ifadə edən özəl xəbərdarlıq göndərib. Eyni zamanda, İran nüvə silahı yaratmaq niyyətini inkar edir.

“The Wall Street Journal” qeyd edir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Tehranın nüvə proqramının qarşısını almaq üçün İranda hədəflərə qabaqlayıcı hava zərbələri endirmək imkanını da nəzərdən keçirir. Qəzetin yazdığına görə, Trampın komandası iki variantı araşdırır, bunlardan biri İrana hərbi təzyiqi artırmaq və zərbələr endirə bilən İsraili dəstəkləmək; ikincisi, sərt maliyyə sanksiyaları ilə birləşən hərbi güc təhlükəsidir. Müzakirə hələ ilkin mərhələdədir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ