Azərbaycanlı milyonçunun qızları Rusiya vətəndaşlığından çıxarıldı


Ukraynada yaşayan Azərbaycan əsilli milyonçu Vaqif Əliyevin prodüser qızı Natella Krapivina Rusiya vətəndaşlığından məhrum edilib.

Buta.media “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb.

Açıqlamada qeyd olunur ki, vətəndaşlığın alınması prosedurunda səhvlərə yol verilib.

Bildirilib ki, N.V.Krapivina Rusiyanın vətəndaşlığına qəbul üçün müraciət edərkən onun qanuni nümayəndəsi tam sənədlər paketini təqdim etməyib. Nəticədə N.V.Krapivina və onun bacısı A.V.Əliyevaya Rusiya vətəndaşlığının qəbulu haqqında rəy verilməyib.

Buna əsaslanaraq, onların pasportları Rusiyanın qanunvericiliyi ilə müəyyən edilmiş qaydanın pozulması ilə verilmiş kimi tanınıb. Bundan əlavə, yanlış məlumatların verilməsini yoxlamaq üçün araşdırma aparıldığı bildirilib.

Qeyd edək ki, Krapivina Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatla bağlı tənqidi fikirlər səsləndirib.

Məlumat üçün qeyd edək ki, Vaqif Əhməd oğlu Əliyev 1959-cu ildə Aşqabadda (Türkmənistan) azərbaycanlı ailəsində anadan olub. O, 1980-ci illərin sonunda qazlı su satan 500 köşk şəbəkəsi qurmağı bacarıb. 1990-cı illərin əvvəlində Ukraynaya köçüb.

Vaqif Əliyev burada ukraynalı iş adamı İqor Bakay, İqor Nikonov və Vladimir Krapivin ilə birlikdə Türkmənistan təbii qazının Ukraynaya idxalı ilə məşğul olublar.

2000-ci ildə "Mandarin Plaza" inkişaf şirkətini qurub. Bir il sonra Vladimir Krapivin və İqor Nikonov ilə birlikdə “KAN” adlı (adı - Krapivin, Əliyev, Nikonov soyadlarının ilk hərflərindən) digər bir inkişaf şirkəti təsis edib. Vaqif Əliyevin Kiyevdəki ilk layihəsi 2003-cü ildə tikilən Bessarabkada “Mandarin Plaza” ticarət mərkəzi olub.

2012-ci ildə “KAN” inkişaf şirkəti “Diamond Hill” yaşayış kompleksini istifadəyə verib. 2016-cı ildə Əliyev 50 milyon dollara “Parus” biznes mərəzinin 50%-nə sahib olub.

2016-cı ilin sonunda Azərbaycan əsilli iş adamı “Lavina Mall”, 2019-cu ilin ortalarında isə “Blockbuster Mall”un açılışını edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ