Bəşər Əsədin həyat yoldaşı ölüm ayağındadır

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin leykoz xəstəliyini müalicə edən həkimlər onu digər insanlardan təcrid ediblər. Britaniyanın “The Telegraph” qəzetindəki mənbələr Əsma sağ qalma şansını “50/50” kimi qiymətləndirirlər.

“Əsma ölür. O, [vəziyyətinə görə] heç kimlə eyni otaqda ola bilməz”, – son həftələrdə Əsəd ailəsinin nümayəndəsi ilə danışan nəşrin həmsöhbətlərindən biri deyib. Moskvada Suriyanın keçmiş prezidentinin ailəsi ilə danışan başqa bir mənbə “son bir neçə həftədə onun [Əsma Əsədin] vəziyyətinin 50/50 olduğunu” bildirib.

“The Telegraph” yazır ki, Bəşər Əsədin həyat yoldaşı yoluxucu xəstəliklərə yoluxmamaq üçün digər insanlardan təcrid edilib. Moskvada Əsma Əsədə bir müddət atası Fəvaz əl-Əxras baxıb. 

Suriya-Britaniya ikili vətəndaşlığı olan 49 yaşlı Əsma Əsədin Suriyada ərinin rejiminin devrilməsi və Bəşər Əsədin Rusiyadan sığınacaq almasından bir müddət əvvəl Moskvaya müalicə üçün gəldiyi güman edilir.

2024-cü ilin mayında Suriyanın o vaxtkı birinci xanımına sümük iliyinə təsir edən kəskin miyeloid leykemiya diaqnozu qoyulub. Əsma Əsəd əvvəllər döş xərçəngindən müalicə alıb, lakin 2019-cu ilin avqustunda tam sağaldığını elan edib.

Əsma Əsəd Londonda doğulub boya-başa çatıb. Böyük Britaniyada o “JP Morga”n bankında işləyib. 2000-ci ildə Bəşər Əsədlə ailə həyatı qurub, elə həmin il Suriyanın birinci xanımı olub.

“Financial Times”ın xəbərinə görə, Əsma Əsəd vasitəçilərin köməyi ilə Suriya iqtisadiyyatının telekommunikasiya, daşınmaz əmlak, banklar, ticarət və digər sahələrinə nəzarət edirdi.

Türkiyənin “Habertürk” nəşri dekabrın 23-də Əsma Əsədin boşanmaq üçün məhkəməyə müraciət etdiyini yazıb. Jurnalistlərin sözlərinə görə, o, Moskvadakı yaşayış şəraitini bəyənmir, Londona getmək istəyir və Rusiyanı tərk etmək üçün “xüsusi icazə” istəyib, Əsədin isə ölkəni tərk etməsinə qadağa qoyulub. Kreml bu məlumatın həqiqətə uyğun olmadığını bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ