Krım və Donbası geri qaytarmağa gücümüz çatmır - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski dekabrın 17-də Fransanın “Le Parisien” qəzetinə müsahibəsində deyib ki, Ukrayna ordusu Krımı və Donbası öz qüvvələri hesabına qaytara bilməz.

Nəşr Zelenskidən müharibəni bitirmək üçün hansı kompromislərə getməyə hazır olduğunu soruşub. “[Hazırsınız] Krımdan və ya Donbasdan, heç olmasa müvəqqəti olaraq imtina etməyə?” – deyə jurnalist soruşub.

Zelenski belə cavab verib: “Biz öz ərazilərimizdən imtina edə bilmərik. Ukrayna Konstitusiyası bunu qadağan edir. De-fakto bu ərazilər indi rusiyalıların nəzarətindədir. Onları geri qaytarmağa gücümüz çatmır. Biz ancaq Putini danışıqlar masasına oturtmaq üçün beynəlxalq ictimaiyyətin diplomatik təzyiqinə arxalana bilərik”.

Zelenskidən Vladimir Putinlə eyni danışıqlar masasına oturmağa hazır olub-olmadığını da soruşublar. “Sənin qarşında kimin oturduğu önəmli deyil. Danışıqlar apararkən hansı vəziyyətdə olduğunuz vacibdir. Zəif mövqedə olduğumuzu düşünmürəm, amma güclü mövqedə də deyilik. NATO-da olacağıq? Biz bilmirik. Avropa Birliyinin bir hissəsi olacağıq? Bəli, gələcəkdə, amma nə vaxt?

Belə şəraitdə Putinlə danışıqlar masası arxasına oturmaq ona hər şeyi həll etmək hüququnun verilməsi demək olardı. Əvvəlcə bir model, fəaliyyət planı və ya sülh planı hazırlamalıyıq. O zaman biz bunu Putinə və ya daha geniş desək, rusiyalılara təqdim edə bilərik”.

Zelenski vurğulayıb ki, heç bir dünya lideri “Ukraynasız Putinlə danışıqlar aparmaq hüququna malik deyil”. “Biz bu mandatı heç kimə həvalə etməmişik. Biz qurbanıq”, - deyə Zelenski bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ