Əsəd Moskvaya iki ton dollar və avro göndərib. Bu pullar hara yox olub?

Suriyanın Mərkəzi Bankı devrilmiş prezident Bəşər Əsədin hakimiyyətdə olduğu 2018-2019-cu illərdə Moskvaya bir neçə təyyarə ilə milyonlarla dollar nağd pul göndərib. Bu məlumatı “Financial Times” (FT) məxfi sənədlərə istinadən paylaşıb.

Qeydlərə görə, həmin dövrdə respublikada xeyli xarici valyuta kəsiri var idi. Qəzetin Suriya Mərkəzi Bankının daxili statistikası ilə tanış olan həmsöhbəti bildirib ki, o zaman daxili ehtiyatlar “demək olar ki, sıfır” idi. Bunun fonunda Əsəd hökuməti Moskvaya 100 dollar və 500 avro nominalında iki ton əskinas göndərib. Ümumilikdə bu pul 250 milyon dollara bərabər idi.

Pulun daşınması üçün 21 reys həyata keçirilib

13 may 2019-cu ildə Suriya Mərkəzi Bankı tərəfindən rəsmi olaraq göndərilən 10 milyon dolları daşıyan təyyarə Moskva hava limanına enib. Fevral ayında Suriya Mərkəzi Bankı 500 avroluq əskinaslarla təxminən 20 milyon avro göndərib.

2018-ci ilin martından 2019-cu ilin sentyabrına qədər ümumilikdə 21 reys həyata keçirilib. Eyni zamanda, 2012-ci ildən 2018-ci ilə qədər olan qeydlərə görə, Suriya Mərkəzi Bankı ilə Rusiya bankları arasında belə pul köçürmələri olmayıb. Britaniya qəzetinin yazdığına görə, ixrac edilən aktivlər daha sonra Rusiya banklarında yerləşdirilib. Həmçinin, nəşrin qeyd etdiyi kimi, Əsəd ailəsi gizli şəkildə Rusiyada aktivlər, o cümlədən Moskvada dəbdəbəli daşınmaz əmlak əldə edib.

ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi vəzifəsində çalışmış Devid Şenker qeyd edib ki, Suriya hökuməti pulu “yaxşı həyat qurmaq üçün” təhlükəsiz yerə köçürüb. Bundan əlavə, qeyd edildiyi kimi, o zaman Suriya Rusiyanın hərbi dəstəyindən hədsiz dərəcədə asılı idi.

Foto: Yosri Əl Camal / Reuters

Əsəd ailəsinin xaricdəki sərvətlərinin axtarışına başlanılıb

“Wall Street Journal” Suriyanın keçmiş liderinin ailəsinin aktivlərinin dəyərinin 12 milyard dollara çata biləcəyini yazıb. Vəsaitlər üçün beynəlxalq axtarış başlayıb, lakin onları tapmaq və dondurmaq problemli olacaq. Keçmiş Amerika rəsmiləri və vəkillərinə görə, “xarici aktivlərin izləri” Əsədin həyat yoldaşı Əsma Axrasın, keçmiş prezidentin anası Anisa Mahlufun və Əsədin əmisi Rifatın ailəsində aşkarlanıb.

Ağ Evin keçmiş rəsmisi Endryu Tabler nəşrə deyib ki, Əsədin həmişə lazım gələrsə ölkəni tərk etməyə imkan verəcək ehtiyat planı olub. 

Əsəd ailəsinin “sakit lüks” həyatı

“The Washington Post” (WP) siyasətçinin qonşularının videoyazılarına və ifadələrinə istinadən yazıb ki, devrilmiş prezident 25 il ərzində dəbdəbəli həyat tərzini gizlədib. Qonşular qeyd ediblər ki, Əsədin ailə üzvləri təvazökar geyinib, ucuz avtomobillər sürüblər. Eyni zamanda, WP-nin də qeyd etdiyi kimi, əldə edilən videogörüntülərdə yerli sakinlərin Suriya prezidentinin evindən bahalı əşyalar, o cümlədən “Louis Vuitton” çantaları, “Dior”, “Hermes” və “Cartier” brendlərindən geyimlər apardıqları görünür.

Suriyanın eks-prezidentinin dəbdəbəli evi silahlıların Dəməşqdə hakimiyyəti ələ keçirməsindən sonra qarət edilib. İnternetdə yayımlanan görüntülərdə qadın, uşaq və kişilərin Suriyanın keçmiş liderinin altı mərtəbəli evini və böyük bağını axtardıqları əks olunub. Dövlət başçısının “Ferrari”, “Audi”, “Mercedes”, “Lamborghini”, “Aston Martin” və digər tanınmış markaların avtomobillərinə sahib olduğu üzə çıxıb. Bundan başqa Əsədin evində üzərindən qızılla örtülmüş Quran və müxtəlif zinət əşyaları tapılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ