ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kiyevə Rusiya ərazisinə Amerika istehsalı olan uzaqmənzilli raketlərlə zərbələr endirməsinə icazə verilməsinə qarşı çıxıb. Tramp bu barədə onu 2024-cü ilin adamı adlandıran “Time” jurnalına müsahibəsində deyib.
“Rusiya ərazisinə yüzlərlə mil raket atılması ilə qətiyyən razı deyiləm. Niyə bunu edirik? Biz də bu müharibəni alovlandırırıq və onu daha da dərinləşdiririk”, - Tramp bildirib.
Ukraynanı dəstəksiz qoyacağı ilə bağlı suala Tramp deyib ki, o, atəşkəs danışıqlarında Amerikanın köməyindən Rusiyaya qarşı rıçaq kimi istifadə edəcək.
“Mən [atəşkəs haqqında] razılığa gəlmək istəyirəm. Buna nail olmağın yeganə yolu ondan əl çəkməməkdir”, – ABŞ-ın yeni seçilmiş prezidenti bildirib.
Noyabrın 17-də “The New York Times” və digər Qərb nəşrləri ABŞ prezidenti Co Baydenin Kiyevə Rusiya ərazisini ATACMS uzaqmənzilli raketləri vurmağa icazə verdiyini yazıblar. Noyabrın 25-də Ağ Ev rəsmi olaraq məlumatı təsdiqləyib. Noyabrın 19-na keçən gecə Ukrayna Silahlı Qüvvələri ilk dəfə Rusiya sərhədi ərazisinə ATACMS raket zərbəsi endirib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hədəf Bryansk vilayətindəki hərbi obyekt olub.
Noyabrın 21-i axşam saatlarında Rusiya Prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin eksperimental “Oreşnik” orta mənzilli ballistik raket sistemindən istifadə etməklə Dnepr çayına raket zərbəsi endirildiyini bəyan edib. O bildirib ki, Rusiya bunu Ukrayna Silahlı Qüvvələrinin Qərbin uzaqmənzilli raketlərindən istifadə etməsinə cavab olaraq edib.