Ukraynaya arxadan zərbə. Rusiya Aİ və ABŞ-dan silah almağa davam edir

Rusiyaya qarşı 2014-cü ildən tətbiq edilən silah embarqosuna baxmayaraq, RF ordusunun snayperləri Qərb ölkələrindən minlərlə tüfəng və milyonlarla patron almağa davam edir. Bu barədə “The Insider”in Çexiyanın “Investigace.cz”, İtaliyanın “IrpiMedia” və Qazaxıstanın Vlast.kz saytı ilə birgə apardığı araşdırmada deyilir.

Araşdırma müəllifləri müəyyən ediblər ki, Avropa İttifaqı, ABŞ və Türkiyə şirkətləri son illərdə Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistana silah tədarükünü bir neçə dəfə artırıb. Belə ki, “BMT Comtrade”in məlumatına görə, 2020-ci ildən 2023-cü ilədək Ermənistan, Gürcüstan, Qazaxıstan və Qırğızıstana ixrac iki yarım dəfə artıb: 19 556 silahdan 53 211-ə qədər.

Eyni zamanda, İtaliyadan Ermənistana snayper tüfənglərinin ixracı dörd il ərzində təxminən 30 dəfə artıb - 2019-cu ildəki 68 silahdan 2023-cü ildə 1862-yə qədər. 2020 və 2021-ci illərdə İtaliyadan silah almayan Qırğızıstan 2022-ci ildə 882 ədəd, 2023-cü ildə isə 4434 ədəd silah alıb. Türkiyədən Gürcüstana silah ixracı 2019-cu ildəki 8426 ədəddən 2023-cü ildə 18843 ədədə yüksəlib.

“The Insider” nəşrinin qeyd etdiyi kimi, Rusiya ilə əlaqəli ən böyük Avropa silah istehsalçısı Lüksemburqun “Beretta” holdinqidir. 2024-cü ilin iyununda Rusiyanın silah idxalçısı “Beretta” ABŞ Xəzinədarlığının SDN siyahısına daxil edildi Lakin sanksiyalara baxmayaraq, holdinq Rusiya şirkətinin majoritar sahibi olaraq qalır.

Potensial olaraq Rusiyaya verilə bilən snayper tüfənglərinin digər tədarükçüləri arasında ABŞ-ın Kolorado ştatındakı ABF silah mağazası da var. “The Insider”in istinad etdiyi gömrük məlumatlarına görə, şirkət 2022-2023-cü illərdə “Accuracy International, “Cadex Defence”, “FN Herstal”, “Patriot Ordnance Factory” və “Proof Research” şirkətlərindən Qazaxıstana 53 silah tədarük edib. Bu silahların Qazaxıstanda satışı ilə bağlı məlumat yoxdur, lakin qeyd olunan markalardan ən azı ikisini əvvəllər ABF ilə əməkdaşlıq edən Rusiya şirkətindən tapmaq olar.

Nəşr qeyd edir ki, bir çox Rusiya snayperi hazırda Qərb tüfəngləri və sursatlarından istifadə etməyə davam edir. Bunu, məsələn, 2024-cü ilin sentyabrında Krımda Anqarski poliqonunda keçirilən snayper yarışlarının protokolları sübut edir. Yarışda RF Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin və hüquq-mühafizə orqanlarının snayperləri, mülki atıcılar iştirak ediblər. Həmin turnirdə 1600 metr məsafədə 36 atıcıdan yalnız yeddisi Rusiya istehsalı olan tüfənglərdən, dördü isə Rusiya istehsalı olan patrondan istifadə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ