Rusiya hakimiyyəti Suriyanın keçmiş prezidenti Bəşər Əsədi müharibəni “Heyət Təhrir əl-Şam”dan olan silahlıların rəhbərlik etdiyi qruplara uduzacağına inandırıb və Suriyanı dərhal tərk edəcəyi təqdirdə ona təhlükəsiz təxliyə təklif edib. “Bloomberg” bu barədə dekabrın 11-də üç mənbəyə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətlərindən ikisi bildirib ki, Əsədin qaçışını Rusiya kəşfiyyatçıları təşkil edib. Onların sözlərinə görə, kəşfiyyatçılar Suriyadakı Rusiya aviabazasından istifadə edərək Əsədi ölkədən çıxarıblar. Mənbələrdən biri qeyd edib ki, Əsədi aparan təyyarədəki transponder nəzarətdən yayınmaq üçün söndürülüb.
Kremlə yaxın mənbə bildirib ki, Vladimir Putin Rusiya xüsusi xidmət orqanlarının Əsəd rejiminə qarşı artan təhlükəni niyə gec gördükləri üçün izahat tələb edib.
“Bloomberg”in qeyd etdiyi kimi, Suriyadakı RF qoşunları əvvəlcə silahlı suriyalı qruplara hücum edərək onları geri atmağa və Əsəd qüvvələrini gücləndirməyə çalışıb. Lakin Suriya hökumət qoşunları “çox müqavimət göstərməyiblər”. Hələb və Həmanı ələ keçirən qruplaşmalar strateji əhəmiyyətli Homs şəhərinə doğru irəliləməyə başladığından, Rusiya Əsəd rejimini qoruya bilməyəcəyi qənaətinə gəlib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov agentliyin sorğusuna cavab verməyib.