İsrail ordusu 50 ildən sonra ilk dəfə Suriyaya daxil oldu
İsrail quru qoşunları 1973-cü ildən bəri ilk dəfə sərhəd zonasını keçərək Suriya ərazisinə açıq şəkildə daxil olub. Bu barədə “The New York Times” iki rəsmiyə istinadən yazıb.
Ordunun Baş Qərargah rəisi general-leytenant Herzi Halevi bəyan edib ki, İsrail “qoşunlarını Suriya ərazisinə yerləşdirib” və hərbçilərin Qolan təpələrində bufer zonasından kənara keçdiyini təsdiqləyib. Qolani briqadasının yeni əsgərləri qarşısında çıxış edən Halevi deyib ki, İDF hazırda dörd arenada - İordan çayının qərb sahilində, Qəzza zolağında, Livanda və bundan sonra Suriyada döyüşür.
Eyni zamanda, İDF “vəziyyətin qiymətləndirilməsini nəzərə alaraq və artan hazırlıq çərçivəsində” quru və hava qüvvələrinin Qolan təpələri sektoruna köçürüldüyünü təsdiqləyib. Müdafiə hissələri də arxa cəbhəyə səfərbər edilib. İDF verdiyi açıqlamada ordunun “bufer zonada və müdafiəsi üçün zəruri olan bir sıra başqa yerlərdə” qüvvələr yerləşdirdiyini, lakin Suriyadakı daxili hadisələrə müdaxilə etmək niyyətində olmadığını bildirib.